Modern.az

Azərbaycan Pantomim Teatrı Moskvada

Azərbaycan Pantomim Teatrı Moskvada

Eğitim

9 Noyabr 2014, 02:23



Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığı və  ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə, Moskvada Azərbaycan Dövlət Pantomim Teatrının qastrolu keçirilir.

Tamaşaçılar “Na strastnom” teatr mərkəzinin səhnəsində əfsanəvi “Maska” və “Manqurt” tamaşalarını seyr edə bilirlər.

Premyeradan öncə, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edərək, bu tamaşaların Moskva səhnəsində nümayiş etdirilməsini hər iki dövlət üçün çox önəmli mədəniyyət hadisəsi kimi qiymətləndirib.
Səfirin sözlərinə əsasən, Azərbaycan və Rusiya arasında dostluq əlaqələri hər sahədə, eləcə də mədəniyyət sahəsində fəal inkişaf etməkdədir. Polad Bülbüloğlu Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilən proyektlər üçün öz dərin təşəkkürünü bildirib.

Sonra Pantomim Teatrı aktyorlarının ifasında Zaur Zeynalovun “Maska” tamaşası göstərilib.

Tamaşanın süjet xəttini – səfeh bir qızla üç dost arasındakı münasibətlər təşkil edir. Baş qəhrəmanlar həndəsi fiqurlar şəklində nümayiş etdirilir: Üçbucaq - biganəliyi, Kvadrat - maksimalizmi və Dairə isə romantizmi simvolizə edir.
Romantik Dairə, öz həyatını dəyişmək məqsədilə Dairənin idealı olan, maskanı oğurlayan yüngül bir qıza aşiq olur. Həqiqəti bilən Kvadrat dostunun sevdiyi qızın əsl niyyətini ona izah etmək istəsə də, Dairə yenə də öz idealına sarı can atır. Kvadrat dostuna kömək etmək məqsədilə qızın üzündən maskanı qopardır. Üçbucaq isə bütün bu hadisələri kənardan seyr edir. İdealını itirmiş Dairə məhv olur, Kvadrat isə dillema qarşısında qalır. Həqiqəti bilmək lazım idimi? Gerçəklik nədir: həqiqət yoxsa yalan? Başqasının həyatına qarışmaq lazımdırmı? Reallıq... İllüziya... Hansındadır xoşbəxtlik?

Tamaşa gurultulu alqışlarla qarşılanıb.

Qeyd etmək lazımdır ki, bu gözəl gecədə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun və Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri, eləcə də hər iki ölkənin görkəmli ictimai və siyasi xadimləri iştirak ediblər.

Nilufər ŞIXLI,
Moskva
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı