Modern.az

Bakıda mer seçkiləri keçirilərsə... - Deputat: “Xaos yarana bilər”

Bakıda mer seçkiləri keçirilərsə... - Deputat: “Xaos yarana bilər”

İqtisadiyyat

31 Avqust 2018, 13:14

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi 2003-cü ildə Azərbaycan hökumətinə Bakı şəhərinə yerli özünüidarə hüququnun verilməsi ilə bağlı tövsiyə ünvanlayıb. Tövsiyədə Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması, seçkili idarəçiliyin tətbiq edilməsi və paytaxtın statusu haqqında qanunun qəbulu yer alıb.

Həmin sənəddə qeyd olunub ki, Bakı şəhəri ərazinin böyüklüyünə və əhalisinin say çoxluğunda baxmayaraq, özünü idarəetmə formasına malik deyil. Buna görə də Konqres “Paytaxtın statusu haqqında” xüsusi qanun qəbul etməyi məsləhət görür. Tövsiyəyə görə, Bakıda vahid mer institutu yaradılarsa, bütün rayon və qəsəbələrdə də yerli bələdiyyələr ola bilər, amma onlar vahid bir şurada birləşməlidir.

Ölkəmizdə isə bununla bağlı təkliflər 2009-cu ildə ortaya çıxmağa başladı. Böyük Bakı Bələdiyyəsi layihəsinin həyata keçiriləcəyi barədə məlumatlar yayıldı. Lakin göründüyü kimi, layihə hələ də yalnız tövsiyə kimi qalmaqdadır.

Maraqlıdır, yaxın gələcəkdə Bakıda mer seçkiləri keçirilə bilərmi?

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında  bildirib ki, Bakı Şəhər Böyük Bələdiyyəsinin yaradılması üçün lazımi struktur, kadr, maliyyə vəsaiti olmalıdır.

“Tutaq ki, biz Bakı Şəhər Böyük Bələdiyyəsini yaratdıq. Bəs bu hansı vəsaitlə, kadrlarla  işləyəcək? Çox çətin məsələdir. Bir çox xarici ölkələrdə böyük şəhər bələdiyyələri yaradılıb. Ancaq özünü doğrultmayıb”.

Deputat bu gün Azərbaycanda böyük şəhər bələdiyyəsinin yaradılmasının və ora seçkilərin keçirilməsiniməqsədəuyğun saymayıb:

“Çünki bu gün Azərbaycanda bələdiyyələr elə də çoxlu maliyyə vəsaitinə malik deyillər. Onlarda təşkilatlanma, kadr potensialı o qədər də güclü deyil. Sadəcə olaraq, Bakı şəhərində bir neçə bələdiyyə birləşib, vahid koordinasiya şurası yarada bilərlər. Və müəyyən vəsaitləri bir-birilərinə ötürməklə işlər görə bilərlər. Ancaq bu gün bələdiyyələr özünün bir bağçasını, idman strukturunu, məktəbini yarada bilmirsə, bu boyda şəhəri idarə edə bilər? Mümkün deyil. Bu fikirlər təxminən 15 il əvvəl Avropa Şurasında səsləndirilib. Ancaq reallığı nəzərə alaraq onu deyə bilərəm ki, Azərbaycanda böyük şəhər bələdiyyəsinin yaradılması məqsədəuyğun deyil. Çünki müəyyən xaos yarana bilər. Bu da vətəndaşlara ziyan edə bilər. Çünki ölkəmizdə əksər bələdiyyələr hələ adi məsələləri yerinə yetirə bilmirlər. Onlar köklü məsələləri necə həll edə bilərlər? Çətindi. Ona görə də mən Azərbaycanda böyük şəhər bələdiyyəsinin yaradılmasını və mer seçkilərinin keçirilməsini qənaətbəxş hesab etmirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir