Modern.az

İpoteka kreditləri üzrə maksimum məbləğ 200 min manat ola bilər

İpoteka kreditləri üzrə maksimum məbləğ 200 min manat ola bilər

İqtisadiyyat

Bu gün, 14:54

Mənzil qiymətlərinin artması fonunda adi ipoteka kreditinin maksimum məbləği 200 min manata, güzəştli ipoteka üzrə limit isə 140–150 min manata qaldırıla bilər.

Bu fikri Modern.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib. Onun sözlərinə görə, mənzil qiymətləri yüksəldikcə mövcud kredit limitləri vətəndaşların mənzil almaq imkanlarını məhdudlaşdırır.

“Hazırda adi ipoteka üzrə maksimum məbləğ 150 min manat, güzəştli ipoteka üzrə isə 100 min manatdır. Mənzillər bahalaşır, kredit limitləri isə eyni qalır. Buna görə də limitlərin artırılmasına ehtiyac var”, – iqtisadçı deyib.

Əmirov bildirib ki, limitlərin artırılması ilə bağlı təsdiqlənmiş qərar yoxdur. Onun sözlərinə görə, bunun üçün qanun dəyişikliyinə ehtiyac yoxdur, çünki mövcud qaydalara əsasən, kreditin maksimum məbləğini müəyyən etmək İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının səlahiyyətindədir.

İqtisadçı hesab edir ki, Fondun ipoteka və kirayə mexanizmlərini təkmilləşdirməklə yanaşı, kredit limitlərinə də yenidən baxması vacibdir. Onun fikrincə, artımın məbləği mənzil bazarındakı qiymət dinamikası təhlil edildikdən sonra müəyyənləşdirilməlidir.

“Güzəştli ipoteka üzrə maksimum məbləği 140–150 min manata, adi ipoteka üzrə isə 200 min manata çatdırmaq olar. Adi ipoteka limitinin 200 min manata qaldırılması 50 min manatlıq artım deməkdir”, – Əmirov qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?