Dövlət Neft Fondu qızılın qiyməti 5 min dolları keçdikdən sonra satışlara başlayıb. Bu addım Fondun qızıl aktivlərinin dəyər artımından gəlir əldə etməsinə və sonrakı ucuzlaşmanın təsirini yumşaltmasına imkan verib.
Modern.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir Fondun qərarını uğurlu hesab etdiyini deyib. Onun sözlərinə görə, qızılın qiymətinin 5 500 dollara yüksəlməsi, daha sonra 3 800 dollara enməsi kimi dəyişiklikləri uzun müddət əvvəldən dəqiq proqnozlaşdırmaq mümkün deyil.
Sahil Babayev neft bazarındakı qiymət dəyişikliklərinə də toxunub. Bildirib ki, büdcə proqnozları hazırlanarkən təxminən 80 beynəlxalq proqnozlaşdırıcı qurumun göstəricilərindən istifadə olunur.
“Ötən il 2026-cı ilin büdcə rəqəmlərini Milli Məclisə təqdim edəndə ən çox rastlaşdığım suallardan biri neftin bir barelinin 65 dollar götürülməsinin çox yüksək olması ilə bağlı idi. Həmin vaxt beynəlxalq qurumların orta çəkili proqnozu 61–62 dollar təşkil edirdi. Azərbaycan neftinin – “Azeri Light”ın “Brent” üzərində təxminən 3 dollarlıq qiymət üstünlüyünü nəzərə alaraq, 65 dollar göstəricisini əsaslı hesab etmişdik”, – nazir bildirib.
O qeyd edib ki, neftin qiymətinin hazırda 103 dollara, bəzi dövrlərdə isə 120 dollara yüksəlməsi əvvəlcədən gözlənilən ssenari olmayıb.
Sahil Babayev 2027-ci ildə ÜDM-in 2,7 faiz, qeyri-neft-qaz sektorunun isə 4,4 faiz artacağına dair proqnozları da qiymətləndirib. Bildirib ki, ciddi yeni geosiyasi və iqtisadi təlatümlər baş verməzsə, bu göstəricilərə nail olmaq mümkündür.
Nazirin sözlərinə görə, makroiqtisadi proqnozlar Maliyyə və İqtisadiyyat nazirliklərinin birgə fəaliyyəti nəticəsində hazırlanır. Proses əsasən İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Deputatların marağı olarsa, hesablama metodologiyası ilə bağlı hər iki nazirliyin iştirakı ilə ayrıca görüş keçirilə bilər.
Sahil Babayev vurğulayıb ki, proqnozlarda dövlət sektoru ilə yanaşı, özəl sektorun fəaliyyəti, daxili və xarici amillər də nəzərə alınır. Bu amillərin dəyişməsi proqnozlarla faktiki nəticələr arasında fərq yarada bilər.
Nazir dövlət investisiyalarının səmərəliliyi ilə bağlı sualları da cavablandırıb. Bildirib ki, bu ilin ilk 10 ayında dövlət büdcəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1 milyard 40 milyon manat çox vəsait xərclənib.
Onun sözlərinə görə, dövlət büdcəsində əsaslı xərclərin payı 32 faiz təşkil edir. Nazir bu göstəricinin yüksək olmasını Qarabağ və Şərqi Zəngəzurun bərpası, müdafiə və təhlükəsizlik infrastrukturunun qurulması ilə əlaqələndirib.
“Biz Qarabağı, Şərqi Zəngəzuru bərpa etməliyik. Bu istiqamətə illər ərzində 4–5 milyard manat ətrafında vəsait yönəldilir. Bu, büdcənin təxminən 11–13 faizini təşkil edir. Paralel olaraq müdafiə xərclərimiz də yüksəkdir”, – Sahil Babayev bildirib.
Nazir ayrı-ayrı investisiya layihələrinin icrasında gecikmə və çatışmazlıqların ola biləcəyini, bunların yoxlayıcı orqanlar tərəfindən də müəyyənləşdirildiyini deyib. Bununla belə, o, ümumilikdə dövlət investisiyalarının ölkənin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.