Modern.az

2018-ci ilin ən yadda qalan HADİSƏLƏRİ

2018-ci ilin ən yadda qalan HADİSƏLƏRİ

18 Dekabr 2018, 16:53

2018-ci il sarı it simvolu altında keçdi. Bu ildə beynəlxalq aləmdə yenə də gərgin və həyəcanlı anlar yaşandı, ölkələrin, xalqların taleyinə əhəmiyyətli təsir göstərən siyasi proseslər cərəyan etdi.

Modern.az saytı 2018-ci ilin beynəlxalq aləmdə yadda qalan ən önəmli hadisələrini təqdim edir.

 

Putinlə Trampın Helsinki görüşü

Futbol üzrə Dünya Çempionatı başa çatdıqdan 1 gün sonra iyulun 16-da Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında görüş baş tutmuşdu. Tərəflər 2 saat davam edən təkbətək görüşdə “Şimal Axını-2” ətrafında yaranmış mübahisəli vəziyyəti, Suriya və Koreya problemlərini, Ukraynadakı böhranı, ABŞ-dakı 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi iddialarını və İranın nüvə proqramı ətrafındakı məsələləri gözdən keçirmişdilər. Prezidentlərin bundan sonra növbəti görüşü gözlənilsə də, G20 sammiti öncəsi Kerç boğazında yaranmış gərginliklə bağlı Tramp Putinlə yeni görüşünü ləğv etməli olmuşdu. 

 

Serj Sarkisyan rejiminin çöküşü

Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanda 2018-ci il önəmli siyasi proseslərlə yadda qaldı. 2018-ci ilin aprelində “Mülki müqavilə” partiyasının sədri Nikol Paşinyanın prezident kürsüsündən baş nazir postuna keçən Serj Sarkisyana qarşı başlatdığı etiraz aksiyaları aprelin 23-də Sarkisyanın istefa verməsinə səbəb oldu. Mayın 8-də Nikol Paşinyan baş nazir seçildi. Bu ilin dekabrın 9-da isə növbədənkənar parlament seçkiləri zamanı “Mənim addımım” bloku ilə inamlı qələbə qazanmış Paşinyan yeni hökumət formalaşdırmaq mandatı qazanıb.

 

Rusiyada keçirilən Futbol üzrə Dünya Çempionatı

Olimpiya Oyunları ilə yanaşı, planetin 4 ildən bir keçirilən ən kütləvi idman hadisəsi Dünya Çempionatıdır. 2018-ci il iyunun 14-dən iyulun 15-nə qədər futbol üzrə Dünya Çempionatı Rusiyada baş tutdu. Turnirin qalibi Fransa yığması komandası olub.

 

ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi

Mayın 14-də ABŞ İsrail dövlətinin yaranmasının 70 illiyi münasibətilə səfirliyini rəsmən Tel-Əvivdən Qüdsə köçürmüşdü. Həmin mərasimdə Donald Tramp iştirak edə bilməsə də, videogörüntü vasitəsilə təbrik iştirakçılarına minnətdarlıq etmişdi.

 

“Skripal işi”

İlin ən qalmaqallı beynəlxalq hadisələrindən biri isə martın 4-də Londonun Solsberi şəhərində keçmiş “QRU” zabiti Sergey Skripal və qızı Yuliyanın kimyəvi maddə ilə zəhərlənməsi oldu. Birləşmiş Krallıq ata ilə qızın Rusiya xüsusi xidmət orqanlarının 2 agenti – Ruslan Boşirov və Aleksandr Petrov tərəfindən zəhərləndiyini elan etmişdi. Rəsmi Moskva isə iddiaları rədd etmişdi. Bu hadisədən sonra Moskvaya qarşı Qərb tərəfindən yeni sanksiyalar tətbiq edilmişdi.

 

Cənubi və Şimali Koreya münasibətlərində yaxınlaşma

 

“Soyuq Müharibə”nin ən acı nəticələrindən biri də Şimali və Cənubi Koreya arasındakı 60 illik münaqişədir. 2018-ci ildə Kim Çen In və Mun Çje İn arasında iki ölkənin sərhədində baş tutan görüş zamanı liderlər ağac əkərək, Sülh Evində danışıqlar aparmışdılar. Tərəflərin imzaladığı yeni bəyannaməyə Koreya yarımadasını nüvə bombasından azad elan edirdi.

 

Şahzadə Harri və Meqan Marklın toyu

Mayın 19-da Londonda 2018-ci ilin ən gözlənilən toyu baş tutdu. Britaniya şahzadəsi Harri amerikalı aktrisa Meqan Marklla evləndi. Kral ailəsinin toyuna ümumilikdə 45 milyon dollar vəsait xərcləndi. Buna baxmayaraq, dünya canlı yayım hüququ və Londona turist axını ölkə xəzinəsini yarım milyon dollar zəngin eti.

 

Jurnalist Camal Kaşıkçının İstanbulda öldürülməsi

Səudiyyə Ərəbistanı vətəndaşı, “Washingtion Post”un müxbiri Camal Kaşıkçı Səudiyyə Əərbistanının İstanbuldakı konsulluğunda müəmmalı şəkildə yoxa çıxdı. Sonradan Səudiyyə hakimiyyəti jurnalistin qəfil yaranmış dava zamanı öldürüldüyünü elan etsə də, dünya birliyə jurnalistin planlı şəkildə, vəliəhd Məhəmməd Ben Salmanın göstərişi ilə amansızlıqla qətlə yetirildiyini bildirmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır