Modern.az

Deputat boşanmaların artmasından narahatdır: “Ev, mülk, maşın önə keçir”

Deputat boşanmaların artmasından narahatdır: “Ev, mülk, maşın önə keçir”

Aktual

15 Fevral 2019, 15:22

Fevralın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Modern.az-ın məlumatına görə, dəyirmi masada Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və deputatlar iştirak edib.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova bildirib ki, Azərbaycan xalqı yüksək ailə dəyərlərinə sahibdir.

“Azərbaycanın əsrlərdən gələn gözəl ailə dəyərləri var. Ölkəmizdə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində daim iş aparılır. Azərbaycan xalqı möhkəm ailə təməlini həmişə yüksək qiymətləndirir. Dünyəvi əsaslara uyğun həyat sürən, amma bununla belə Şərq mentallığı ənənələrinə və dəyərlərinə qayğı ilə yanaşan Azərbaycan cəmiyyəti üçün ailə, sosiumda qadının rolu, uşaqların tərbiyəsi məsələləri xüsusilə həssas sahədir. Cəmiyyətimiz hər zaman yüksək ailə dəyərlərimizi qorumalıdır. Bunun üçün müvafiq qurumlar tərəfindən maarifləndirmə işləri də aparılır və bu proses mütəmadi olaraq davam edir”.


Deputat qeyd edib ki, ölkəmizdə ailə institutunun formalaşması üçün yaradılan qanunvericilik bazası, aparılan profilaktik maarifləndirmə işlərinə baxmayaraq, təəssüflər olsun ki, bu sahədə hələ də problemlər mövcuddur:

“Belə ki erkən nikahlar, nikahdankənar evlilik sosial problem kimi bu gün aktual məsələyə çevrilib. Hazırda cəmiyyətimizi narahat edən ciddi problemdən biri də boşanma hallarıdır. Bu gün bəzi hallarda əxlaqa, tərbiyəyə, milli adət-ənənələrimizə zidd halların baş verməsi təəssüf doğurur. Belə ki, 2018-ci ilin 12 ayı ərzində Azərbaycanda 13 651 boşanma halı olub. Əvvəllər deyirdik ki, ailələrdə boşanma hallarının əsas səbəbi sonsuzluqdur. Ancaq təəssüflər olsun ki, indi uşaqlı ailələrdə də boşanma halları var. Son vaxtlar ailə dağılmasında ev, mülk, maşın daha çox üstünlük təşkil edir. Bu hal milli dəyərlərimizə ziddir. Ailələrdə uşaq dünyaya gəlir, o uşağı düzgün tərbiyə etmək lazımdır. Ancaq ev, mülk, maşın önə keçir, sevgi, səmimiyyət ailələrdən uzaqlaşır".

 

D. Cəbrayılovanın sözlərinə görə, araşdırmalar göstərir ki, boşanmaların müxtəlif səbəbləri var:

"Tərəflərin bir-birini yaxşı tanımaması, məcburi evlilik, erkən nikahlar, məişət zorakılığı, ailə qurmazdan əvvəl düşünməmək, kənar müdaxilələr, qayınananın və qayınatanın ailənin işlərinə qarışması, maddiyatın əsas götürülməsi, nikah müqavilələrinin bağlanmaması münaqişələrə gətirir və axırda da boşanmaya səbəb olur. Düşünürəm ki, ailə dəyərləri ilə bağlı orta məktəb dərsliklərində müxtəlif mövzular yer almalıdır. Qeyri-Hökumət Təşkilatları və müxtəlif qurumlar tərəfindən orta məktəblərdə təbliğat və maarifləndirici tədbirlər keçirilməlidir. Həmçinin bölgələrimizdə, məktəblərdə, universitetlərdə ailə dəyərləri gənclərimizə aşılanmalıdır. Gənclərimizə yüksək ailə dəyərləri təbliğ olunmalıdır."

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır