Ərzaq balansı üçün tələb olunan məlumatları təqdim etməyənlər cərimələnəcək.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisinin bu gün keçirilən iclasında müzakirə edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni 447-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükünə, eləcə də məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatların müəyyən edilmiş müddətdə informasiya sisteminə daxil edilməməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 500 manat məbləğində cərimə ediləcəklər.
Bundan başqa, ərzaq balansının tərtibi ilə bağlı müvafiq dövlət qurumunun yazılı sorğusu əsasında tələb olunan məlumatların 15 iş günü müddətində təqdim edilməməsinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 500 manat məbləğində cərimələnəcəklər.
Layihədə qeyd olunub ki, həmin inzibati xətaların inzibati tənbeh tətbiq edildikdən sonra bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə min manat məbləğində cərimə ediləcəklər.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.