Modern.az

Hüseynağa Atakişiyevin “ikinci baharı” - FOTOLAR

Hüseynağa Atakişiyevin “ikinci baharı” - FOTOLAR

21 Oktyabr 2013, 00:30

Modern.az saytının “İkinci bahar” adlı rubrikasında tanınmış simaların birinci və ikinci evliliyindən söhbət açılır...

Bəzən birinci evlilikdə oxu daşa dəyən qadın və ya kişiyə tale irəli yaşlarda “ikinci bahar” adlandırılan ikinci evlilik, hətta üçüncü evlilik yaşamaq nəsib edir. Və o zaman əsl ailə xoşbəxtliyinə qovuşan insan həyatın yalnız qara və ağdan ibarət olmadığını anlayır. Keçmişin mənfi düşüncələrindən azad olur, yeni gün, yeni arzu və yeni istəklə həyata bağlanır...

Rubrikamızın budəfəki təqdimatı Azərbaycanın əməkdar incəsənət xadimi, aktyor və rejissor mərhum Hüseynağa Atakişiyev barəsindədir. O Hüseynağa Atakişiyev ki, teatr sahəsində heç vaxt müəllim işləməsə də, neçə-neçə aktyor və aktrisa onu özünə müəllim hesab edib, ondan öyrənib. 
1989-cu ildə Dövlət Gənclər Teatrını açıb və vəfatına qədər teatrın bədii rəhbəri, eyni zamanda direktoru olub, neçə-neçə əsərə səhnə quruluşu verib, onlarla gənc aktyor və aktrisanın yetişməsində özünəməxsus rol oynayıb. 


Həyatdan tez köçən Hüseynağa Atakişiyev onu tanıyanların qəlbində mehriban, həlim xasiyyətli, heç kəsin könlünü qırmayan bir insan kimi qalıb. O, hamı üçün yaxşı adam idi...

Erkən ana itkisi...



Hüseynağa Ağahüseyn oğlu Atakişiyev 1949-cu ilin 8 sentyabrında Bakının məşhur Çəmbərəkənd məhəlləsində yoxsul ailədə dünyaya gəlmişdi. (Çəmbərəkənd indiki Nazirlər Kabineti binasının yaxınlığındakı inzibati binaların salındığı yerdən "Şəhidlər xiyabanı"na qədər ərazini əhatə edirdi. Məhəllənin adını burada məskunlaşmış və əsasən balıq duzlamaq, neft, mazut ixrac etmək üçün çəmbərlər hazırlayan ustaların peşəsi ilə adlandırmışdılar. 
Çəmbərəkənddə eyni zamanda, müxtəlif  qoşqu  arabaları,  qazalaq,  fayton da   düzəldilirmiş. Əhalisi heyvan saxlayar, əkinçiliklə məşğul olarmış. Köhnə bakılılar indi də həmin əraziyə Çəmbərəkənd deyirlər-A.Q).

Hüseynağagil ailədə üç uşaq olublar - bir qız, iki oğlan. Atası Ağahüseyn sürücü, anası İranida evdar qadın idi. O, anasını erkən yaşda – 6 yaşınd itirib və atası ikinci dəfə Töhfə adlı qadınla evlənməli olub. Altı yaşında olarkən anasının ölümünü öz gözlərilə görən balaca Hüseynağa bu hadisədən bərk təsirlənib evdən qaçmış, onu bir neçə gün şəhərdə axtarandan sonra tapmışdılar.
Yoxsulluq, ehtiyac evin böyük oğlu Hüseynağanı yeniyetmə yaşında işləməyə məcbur edib. 12-13 yaşlarından başlayaraq çalışıb evə pul gətirən Hüseynağa bununla yanaşı, həm də oxuyub, dərslərindən geri qalmayıb. 

Teatr vurğunu...


İlk iş yeri teatrda işıqçılıq olan Hüseynağa ta ömrünün axırınadək elə bu sahəyə bağlı qalıb. Arada iki il hərbi xidmət keçən Hüseynağa Atakişiyev sonra yenə teatr sahəsinə qayıdıb.

Çünki teatra vurğun idi. 4 il sərasər teatr professoru Mehdi Məmmədovdan aktyor sənətini öyrənib. 
1975-ci ildə isə dostu, Moskva teatr institunun məzunu Vaqif Abbasovla sözləşib Şəkiyə gedirlər ki, orada teatr yaratsınlar. Və beləcə Hüseynağa Şəki Dövlət Teatrında aktyor kimi işə başlayır. Bir il sonra isə teatrının yaradıcı prosesinə rəhbərlik H.Atakişiyevə keçir, o, həmin teatrda həm də baş rejissor olur. 
Müsahibələrinin birində H.Atakişiyev Bakıdan Şəkiyə gedişini belə xatırlayırdı: “Mən Şəkiyə gedəndə heç nəyi gözümün altına almadım. Mənim üçün teatr yaratmaq hər şeydən vacib və əziz idi”.
Şəki teatrında “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) tamaşasına quruluş vermək Hüseynağanın ilk rejissor işi olur və ona uğur gətirir.
Rejissor kimi Şəkidə qazandığı ardıcıl böyük uğurların səs-sədası Bakıya da gəlib çatır və bir neçə il sonra Hüseynağa Atakişiyevi Bakıya çəkub gətirirlər.

Birinci evlilik...  


1977-ci ildə rejissor Hüseynağa Atakişiyev tələbə yoldaşı olmuş aktrisa Gülşad Baxşiyeva ilə evlənir. Bu o zaman idi ki, onların hər ikisi Şəki Dövlət Teatrında çalışırdılar. Həmin ərəfədə Hüseynağa Ataşikiyevin  işləri pis getmirdi, Şəkidə hazırladığı hər üç tamaşasından biri Azərbaycan teatr mədəniyyətində hadisəyə çevrilirdi. 
Bir il sonra - 1978-ci ildə onların Elbəy adlı bir oğlu dünyaya gəlir.

1979-cu ildə Hüseynağa və Gülşadın ikinci oğlu Elmir doğulur. İki oğul atası olan Hüseynağa Ataşiyev Şəki teatrında da öz sənətinin zirvə çağını yaşayırdı. 

Gülşad Baxşiyeva Hüseynağa Atakişiyevli günləri barədə xatirələrində yazır: “…bizim evləndiyimizi eşidənlər təəccüblənmir, şoka düşürdülər. Xasiyyətlərimiz tamam fərqli idi. Mən danışıb gülən, hamı ilə ünsiyyətdə olan, hamıya istiqanlılıq edən gənc qız, o isə qapısı bərk-bərk bağlı bir evin cavan sahibi. Ona ürəkdən gələn sözü çatdırmaq üçün bu qapını saatlarla, günlərlə, aylarla dayanıb döymək lazım gəlirdi”.

Ard-arda iki oğulun doğuluşu ilə Atakişiyevlər ailəsində ömrün ən xoş anları yaşanırdı. Hüseynağa və Gülşadın ətrafında olanların hamısı elə düşünürdü ki, bu cütlüyün ailə xoşbəxtliyi bir ömrün sonunadək sürəcək. Amma, sən saydığını say, gör fələk nə sayır.

İkinci sevgi macərası...


Onlar hələ də Şəki Dövlət Teatrında çalışırdılar. Hər şey İncəsənət İnstitutunu bitirib Şəkiyə təyinat alan o gənc qızın teatra gəlişindən az sonra başlayır. Şahzadə adlı bu gənc aktrisa ilə Hüseynağa Atakişiyevin təzə eşq macərası həmkarlarına əyan olanda 1981-ci il idi. 
Həyat yoldaşı Gülşad Baxşiyeva hər vəchlə ərini cavan aktrisadan qorumağa çalışsa da, ancaq heç nə əldə edə bilmir. Dözməkdən savayı əlacı qalmır. Dişini-dişinə sıxıb dözür, balaca oğlanları Elbəylə Elmirin xatirinə. Onların isə hələ heç 5 yaşı da tamam olmamışdı.

Hüseynağa və Gülşad cütlüyünün ailə xoşbəxtliyi artıq çat vermişdi və bu çat get-gedə böyüməyə doğru gedirdi. Bununla paralel “Hüseynağa - Şahzadə” macərası yaşanırdı.

H.Atakişiyev daha Şəkidə qərar tuta bilmirdi. Və belə bir zamanda onu Akademik Milli Dram Teatrına baş rejissor qoyurlar. Aktrisa Şahzadə də onunla birgə Bakıda işləməyə gəlir. 
1985-ci il. Hüseynağa Atakişiyev artıq Bakıda - Milli Dram Teatrında çalışır, tamaşalara quruluş verirdi.Amma onunku burada gətirmir, ilk gündən H.Atakişiyevin tətbiq etməyə başladığı yenilikləri kollektiv arasında qəbul etməyənlər vardı. 
Teatr tənqidçisi Aydın Talıbzadənin sözlərinə görə, H.Atakişiyevin Milli Dram Teatrındakı rejissorluq taleyi necə deyərlər, Yusif Sərrac sərgüzəştinə bənzədi.

“Azdrama”da bəzi aktyorlar bir rejissor kimi onu bəyənmir, paxıllıq edir, bacarığını şübhə altına almağa, nüfuzdan salmağa çalışır, dalınca danışırlar. Bir gün isə hətta Hüseynağa Atakişiyevin kabinetini yandırırlar. Bəzi qruplar bu “oyunlarla” onu Milli Dram Teatrının rəhbərliyindən uzaqlaşdırmağa çalışırdılar. Buna nail də olurlar.


Və... 1989-ci ildə o, Milli Dram Teatrından ayrılmalı olur..

Elə həmin ildə H.Atakişiyev Gənclər Teatrını açır və xeyli istedadlı cavan aktyorları bura cəlb edə bilir. Gənclər Teatrında H.Atakişiyevin ilk tamaşası “Qətl günü” olur. “Qətl günü”nün iştirakçıları sırasında aktrisa Şahzadə Babayeva da vardı. H.Atakişiyevin ikinci sevgilisi. Münasibətləri davam edirdi. 
1994-cü ildə 45 yaşlı Hüseynağa Atakişiyevin aktrisa Şahzadə Babayevadan bir oğlu dünyaya gəlir. Uşağın adını Cavid qoyurlar. Amma H.Atakişiyevin Şahzadə Babayeva ilə münasibətləri axıradək davam etmir...

Üçüncü evlilik, bu “ikinci bahar” idimi?



Gənclər Teatrında çalışdığı müddətdə H.Atakişiyevi üşüncü dəfə eçq macərası yaxalayır. Aktrisa Nəsibə Eldarova ilə münasibətlər tezliklə sevgiyə çevrilir və onıar evlənirlər. Bu, Hüseynağa Atakişiyevin üçüncü, Nəsibə xanımın isə ikinci evliliyi idi. 
1995-ci ildən etibarən Nəsibə Eldarova Gənclər Teatrının primasına çevrilir və demək olar ki, hər tamaşada rol alır. Bu evlilikdən Hüseynağa Atakişiyevin övladı olmur. 

Birinci evlilikdə Hüseynağa müəllimin oxu daşa dəymişdimi, deyə bilmərik, elə ikinci evliliyi də həmçinin. Doğrudanmı ilk iki evliliyində o, əsl ailə xoşbəxtliyi tapa bilməmişdi? 

Bəs üçüncü evliliyi necə, bunu onun üçün “ikinci bahar” saya bilərikmi?

Bu adamı üç dəfə evlənməyə nə vadar etdi, bilən olmadı... Gülşad, Şahzadə, Nəsibə... Hansı qadın onu xoşbəxt edə bilmişdi, bu sirri də özü ilə qəbir evinə apardı.

Əməkdar incəsənət xadimi Atakişiyev Hüseynağa ömrünün son illərini Nəsibə Eldarova ilə kirayədə yaşayırdı.
2006-ci il aprelin 9-da hamı üçün yaxşı adam həyatndan köçdü...


Nəsibə Eldarovanın Hüseyanağalı günlərlə bağlı xatirələri:

“Həyatımda uşaqlığımdan sonra yalnız Hüseynağa Atakişiyevlə olduğum 12 ili yaşadım. Onu mən uydurmamışdım, o, məni o qədər çox sevdi ki, axırda mən də sevdim. Çox çətin, imkansız yaşayırdıq, amma bir-birimizdən həyatdan bezmirdik. 
12 il həmin uşaqlığımda yaşadığım xoşbəxt, qayğısız rahat həyatıma qovuşdum. O vaxtda başqa heç kim mənə dost, rəfiqə ola bilmir. Hamısını mənə Hüseynağa əvəz etdi. İndiyə qədər də o göz qırpımı kimi gəlib keçən 12 ilin havası ilə yaşayıram. Artıq mənə nə dost, nə sevgili lazımdır. Heç ağlımın ucundan keçmir. Elə bir zirvədə yaşadım ki, onunla, ya gərək ondan yuxarısı olsun, ya da olmasın. 6 ildir o, yoxdur, amma özümü tək, sərbəst hiss edə bilmirəm. Hələ də hansısa addımı atanda onun nə deyəcəyini götür-qoy edirəm. O, mənim üç dünyamı zorlamazdı, mən də onun. Bir-birimiz olduğumuz kimi qəbul edib, elə də sevirdik. Necə ki, nənəm mənə azadlıq vermişdi, elə də Hüseynağa ilə azad idim. Saatlarla susardıq, amma elə bil nə deyəcəyimizi, nə düşündüyümüzü duyurduq”...

İlk evliliyin xatirələri...


Birinci həyat yoldaşı, aktrisa Gülşad Baxşıyeva Hüseynağa Atakişiyevə ithaf etdiyi xatirəsində yazır:


“Bəlkə də mən sənə rast gəlməyəcəkdim, bəlkə də həyatda yollarımız bizi başqa-başqa tərəflərə aparacaqdı, nə sən biləcəkdin mən adda adam var, nə də mən səni bir gün tapacaq, sonra da həmin o bəxtəvər bildiyim günlərin birində itirəcəkdim. Əgər səhnəyə çıxmaq istəyi ürəyimə yol tapmasaydı... 
...Sənə olan sevgim məni məhv etdi…
…Gənclər teatrı sənin teatrın idi. Bu teatr səninlə başladı, səninlə də bitdi. İllər keçdikcə sən məndən uzaqlaşırdın. Son illər səni tanıya bilmirdim. Evə gələndə elə bilirdim, bu sən deyilsən, başqa kişidir. Nə deyirdim, nə soruşurdum, cavab vermir, özünə çəkilirdin, ən yaxşı halda ağızucu nəsə deyirdin. Bir gün dözməyib ağlaya-ağlaya qışqırdım:
- Hüseynağa, bu sənsən, ya başqa kişidir bizim evdə oturub?
Mənim çığırtımdan elə bil silkələnib ayıldın. Ayağa durub arxadan çiyinlərimi qucaqladın, sakitləşdirməyə başladın:
- Gülçik, sakit ol, Vallah, yorulmuşam, özümdə deyiləm…
Aman Allah! Bu zaman səsin nə qədər mehriban, doğma idi. Amma gec idi. Səni artıq məndən, bizim ailəmizdən ayırmışdılar.
Sən mənim həyatımı, dünyamı alt-üst etdin... 
…Bir dəfə də məni atıb-gedəndən sonra bizim ailəni istəyən bir nəfər səndən bunun səbəbini soruşmuş, sən isə üzünü çevirib uşaq kimi ağlamışdın. Özün öz əlində deyildin, sənə nəsə eləmişdilər. Mən səni neçə illər keçəndən sonra, 2002-ci ildə boşanma ilə əlaqədar məhkəməmiz olanda yenə bağışladım, evə qayıtmağını istədim. Yox, sən qapını ardınca birdəfəlik bağlayıb getmişdin. İndi də, ölümündən neçə il keçəndən sonra da hər dəfə qapı döyüləndə elə bilirəm evə evin kişisi, Hüseynağa gələcək... 
Mənim kişi xasiyyətlim! Sən ömrüboyu uşaq qaldın. Uşaq yaşlarından qəlbi sınmış insan olmusan…
…Mən səni belə sevirdim, ciddi, dərrakəli, zəkalı, ağır təbiətli. Vaxt keçdikcə sən bəzi şeyləri özünə icazə verməyə başladın və dəyişdin.
Sən Elbəylə Elmiri canından artıq istəyirdin. Nəvələrin isə sənə sevinc payı kimi göndərildi. Hərçənd o zaman bizimlə yaşamırdın…
…Ölüm haqdır! Amma mən səni qoruya bilərdim. Mənimlə olanda sən yalnız sənətinlə yaşayırdın. Sənin kimi kövrək adamı gündəlik problemlərin içinə salmaq olmazdı. Doğrudur, mənim də gileylənən vaxtlarım olub. Sən aldığın pulları, qonorarı bir gecəyə xərcləyə bilərdin. Belə də edirdin. Evdə çətinliklər olmasına baxmayaraq. Lakin bu sən idin. Başqa cür ola bilməzdin. Mən sənin həyatdan belə tez getməyinə yol verməzdim. Mənim üç oğlum var idi. Qoy o qadın bilsin ki, ərimi yox, oğlanlarımdan birini əlimdən aldı. Mən səni böyük sənətkar bilirdim. Sən yalnız öz işinlə məşğul olmalıydın… 
Cənazəni Aktyor evindən, Gənclər Teatrının tamaşa zalından götürürdülər. Mən də institutdan iş yoldaşlarımla gəlib bir kənarda oturmuşdum. Mənə yox, o qadına başsağlığı verirdilər. Bəlkə belə də olmalıydı. Çünki mənim üçün sən ölməmişdin. 
İndi də səni görürəm. Elbəyin qəfil çevrilib baxmağında, Elmirin ciddiliyində, ötəri, üzə vurmadan gülümsəməyində, nəvələrin Rəfaelin, Cəmilin, Fatmanın maraqla ətrafa göz gəzdirməsində səni görürəm.
Bir də qapı döyüləndə…
Günlərin birində bir jurnalist məndən soruşdu ki, əgər özüm haqqında kitab yazsaydım, bu kitabın neçə faizi Hüseynağa Atakişiyevə həsr olunardı? Dedim, doxsan beş faizi. Az demişəm. Çox az!”...

Sonluq

2006-cı ildə ömürünün son çağında H.Atakişiyev yazıçı-dramaturq Firuz Mustafanın “Qara qutu” pyesini tamaşaya hazırlamışdı. Amma tamaşanın premyerasını görə bilmədi. Ölümündən sonra dostları yığışıb “Qara qutu” tamaşasına Hüseynağasız baxdılar. O tamaşaya baxanlar arasında üç qadın da vardı – Hüseynağa Atakişiyevin evləndiyi qadınlar - Gülşad, Şahzadə və Nəsibə... Elə "Qara qutu" pyesinin qəhrəmanını da üç qadın sevirdi...



A.Qorxmaz
 

***
Həmçinin oxu

Fransız qadının dünyaya gətirdiyi dahi azərbaycanlı haqqında bilmədiklərimiz - FOTOLAR
//modern.az/articles/40683/1/


Rüstəm İbrahimbəyovun “İkinci bahar”ı - FOTOLAR
//modern.az/articles/41430/1/

Rafiq Hüseynovun “İkinci bahar”ı - FOTOLAR+VİDEO
//modern.az/articles/41664/1/

Polad Bülbüloğlunun “İkinci bahar”ı - FOTOLAR
//modern.az/articles/42253/1/

Müslüm Maqomayevin “İkinci baharı” - FOTOLAR
//modern.az/articles/42824/1/

Emin Sabitoğlunun “ikinci baharı” - FOTOLAR
//modern.az/articles/44154/1/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir