Budur, artıq məktəblərin açılmasına saylı günlər qalıb. Kimi ağlaya-ağlaya, kimi də sevinclə 1-ci sinfə, ilk dərs otağına qədəm qoyacaq. Amma buna qədər bir mərhələ də var: məktəbli ləvazimatlarının və məktəbli paltarlarının alınması.
Maraqlıdır, 1-ci sinfə gedən bir uşağın çantasına qoyulmalı olan ləvazimatların qiyməti valideynlərə neçəyə başa gələcək?
Elə ilk olaraq məktəbli çantasından başlayaq.
Məktəbli çantasının qiyməti 6 manatdan başlayır və 100 manata qədər davam edir. Valideynlər 15-20 manatlıq çantalara üstünlük verirlər. Hər halda bu qiymətdə olan çanta Çin istehsalı olan 5-6 manatlıq maldan keyfiyyətlidir. 20-30 manatlıq Türkiyə istehsalı olan çantaların daha keyfiyyətli olduğu bildirilir.
12 vərəqli dəftər – sadə 7 qəpik, Rusiya istehsalı – 15 qəpikdir. Şəkillilər də çox götürüləndə 17 qəpiyə verilir. Bunların keyfiyyət məhsuluna görə, üstünün qabığına, içinin xətlərinə, izlərinin görsənməyinə görə bu qiymətə satılır.
Yapışdırıcılar – 20-50 qəpik. Qramına görə qiymətlər də qalxır. 15 qramlıq 30 qəpik. Hər cür istehsal var: Türkiyə , Yaponiya, Koreya və s.
Karandaş – sadələrin qiyməti 5 qəpikdən başlayır, Türkiyə istehsalı olan 20 qəpikdə qurtarır, valideynlər isə keyfiyyətə üstünlük verir.
Qələm – 10-20 qəpik.
Flamasterlər – 1-7 manat.
Xətkeşlər – 60-80 qəpik.
Rəngli kağız –ən ucuzu 30 qəpikdir. Bahası – 80 qəpik.
Rəsm albomu – 20 qəpik. Ən yüksək hədd 2 manat 50 qəpik və ya 3 manat olur ki, bu da istehsal olunan ölkə, vərəqlərinin sayı, qalın və ya nazikliklə bağlıdır.
Tabaşir qələmlər – 1 manatdan (türk istehsalı 4 manat) başlayır.
Rəngli qələmlər – 70 qəpik - 2 manat.
Karandaşyonanlar – 30 qəpik-1 manat-2 manat 50 qəpik.
Gündəlik – 60 qəpik.
Dəftər üzləri – 5, 7, 15 qəpik.
Hesablama çöpləri – 50 qəpik.
Pozanlar –10-20 qəpik.
Hərifli, rəqəmli kartlar – 40 qəpik.
Kitab qoymaq üçün vitrin – 2 manat 50 qəpik, su qabları isə 1 manatdan başlayaraq 5 manata kimi davam edə bilər.
Məktəbli paltarlarına gəldikdə isə aşağı siniflər üçün 40-45 manat arası dəyişir.
Kitabların qiyməti ən aşağısı 3 manatdan başlayır, 4-5 manata qədər olur, 8-9 kitabdan istifadə olunur. Amma kitablar və iş dəftərləri Təhsil Nazirliyi tərəfindən verildiyindən hələ ki, satışda yoxdur.
Nə qədər olmaya, bu ildə valideynlər əməlli-başlı kisənin ağzını açmağa məcbur olacaqlar. Bir şagird üçün minimum 70-80 manat...
Şahanə Rəhimli