Modern.az

Süni intellekt Azərbaycanda kimləri işsiz qoyacaq…

Süni intellekt Azərbaycanda kimləri işsiz qoyacaq…

Aktual

5 Aprel 2023, 10:00

Süni intellekt (süni zəka) texnologiyası hələ hər şeyə qadir olmasa da, çox şeyi etməyi bacarır. Onlar kod yazır, istənilən suala cavab verir, təqdimatlar hazırlayır, foto və videolar formalaşdırır. Bu texnologiya ilk başlarda insanların işini asanlaşdırsa da, artıq bir çox sahədə onları əvəz edir.

 

"Goldman Sachs" analitik mərkəzinin məlumatına görə, süni intellekt dünyada mütəxəssislərin 7%-ni əmək bazarından sıxışdırıb çıxara bilər. Qeyd olunur ki, "ChatGPT" və ya "Midjourney" kimi süni intellekt alətləri ABŞ-da hər dörd işçidən birini əvəz edəcək. Bu texnologiyanın 300 milyon insanın işsiz qalmasına səbəb olacağı ehtimal edilir.

 

Bundan başqa, süni intellektin təhlükəsizliklə və digər məsələlərlə bağlı narahatlıq yaratdığı bildirilir. Amerikalı milyarder İlon Mask və "Apple" şirkətinin həmtəsisçisi Stiv Voznyak da daxil olmaqla 1000-dən çox texnologiya və tədqiqat mütəxəssisi açıq məktub yazaraq süni intellektin yaratdığı “böyük risklər” barədə xəbərdarlıq ediblər. Mütəxəssislər işlərin ən azı altı ay dayandırılmasını və təhlükəsizlik standartlarının yaradılmasını istəyirlər.

 

Süni intellekt Azərbaycanda və dünyada əmək bazarına necə təsir edəcək? Mütəxəssislər bu barədə nə düşünür?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texno-bloqer Fərid Pərdəşünas hesab edir ki, yaxın müddət ərzində Azərbaycanda bu sahəylə bağlı işsizlik gözlənilmir.

 

 

“Süni intellekt nə qədər işsizliyə səbəb olacaqsa, bir o qədər də yeni iş yerlərinin, peşələrin yaranmasına gətirib çıxaracaq. Burada qeyd etdiyinizdən də daha böyük rəqəmlərdən söhbət gedir. Süni intellektin özündən bunu soruşanda, o qeyd edir ki, "Chat GPT" GPT-4 dil modelində süni intellekt insanları işsiz qoymaq üçün yox, işlərini rahatlaşdırmaq üçün nəzərdə tutulub. İşsiz qalacaq şəxslər süni intellektlə işləməyi bacarmayanlar olacaq. Lakin süni intellektlə işləməyi bilən, öz işlərini təkmilləşdirən insanlar işsiz qalmayacaq.

 

Süni intellektlə işin özü də bir fəaliyyətdir. Təbii ki, əvvəlki qədər kadr tələbatı olmayacaq. Burada azalma müşahidə ediləcək. Sahibkar süni intellektin köməyindən istifadə edərək, 5 nəfər işçi əvəzinə 2 nəfər işçi götürəcək. Biz sənaye inqilabında da, zavodlarda robotların insan əməyini əvəz etdiyinə görə fəhlələrin etirazının şahidi olduq. Amma zamanla o insanlar özlərinə iş və məşğuliyyət tapmağı bacardılar. Dünya və texnologiya inkişaf edir. Texnologiyalara ayaq uydurmaq lazımdır. Bunları bloklamaq, qarşısını almaq mümkün deyil. İstər-istəməz onlar inkişaf edəcəklər. Biz sadəcə uyğunlaşmalı və yeniliklərə açıq olmalıyıq", - deyə mütəxəssis bildirib.

 

 

Fərid Pərdəşünas vurğulayıb ki, Azərbaycanda hələlik süni zəka həlləri tətbiq olunmur: "Süni intellekt bütün dünyada yenidir. Hazırda insanların işləri üçün təhlükəli hesab olunan süni zəka modelləri son aylarda daha çox inkişaf edir.  Amma tam olaraq buna keçid baş verməyib. Bu gələcəkdə baş verə bilər. O vaxta qədər insanlar süni zəkalarla rəftarları, onlardan istifadə etməyi öyrənməlidirlər”.

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə qeyd edib ki, süni intellekti kim tətbiq edəcəksə, üstünlük qazanacaq.

 

“Azərbaycan qlobal dünyanın tərkib hissəsidir. Yəni dünyada baş verənlər zaman keçdikcə istər-istəməz Azərbaycana da təsir edir. Süni intellektlə bağlı məsələlər isə ötən ildən etibarən dünyada böyük bir çaxnaşma yaradıb. Süni intellekt çox şeyi dəyişəcək. İnsanlar nələrin dəyişəcəyi ilə bağlı proqnoz verməkdə çətinlik çəkirlər. Süni intellekt mətnlərlə bağlı olan, proqnozlaşdırma və marketinqlə bağlı sahələr üzrə ciddi risklər yaradacaq. Bu qaçılmazdır. Amma bunu zaman göstərəcək. Süni intellekt həllini öz fəaliyyətində tətbiq etməyənlər ciddi risklərlə qarşılaşacaqlar. Bazarda qala bilməyəcəklər. Bu bütün dünyaya yəni, fərdlərə, şirkətlərə, dövlət qurumlarına, şəhərlərə və ölkələrə aiddir. Yəni o cəmiyyət, o dövlət, o ölkə ki, süni intellektdən kənarda qalacaq o rəqabətə davamlı ola bilməyəcək", - deyə Osman Gündüz bildirib.

 

 

Ekspert xatırladıb ki, Azərbaycanda bu sahədə səlahiyyətli qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir:

 

"Digər rəqəmsal sahələrlə bağlı qurumlar var ki, bunlar artıq həyəcan təbili çalmalıdırlar. Həm dövlət, həm özəl sektorlar süni intellekt həllərinə diqqət yetirməlidir. Həmçinin redaksiyanın özündə. Əgər hansısa redaksiyalar gələcəkdə süni intellekt həllərindən istifadə etməyəcəklərsə, başqaları onu üstələyəcək. Onların daha az xərci çıxacaq və daha tez xəbərləri yaya biləcəklər və s. Yəni kiminsə sıradan çıxarılıb-çıxarılmamağı ikinci dərəcəlidir. Birinci dərəcəli odur ki, bunu tətbiq edəcəksə, o da üstünlük qazanacaq”.

 

Aytac Əsədova

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir