Modern.az

“Yüksəliş” müsabiqəsinin imtahan nəticələri açıqlandı

“Yüksəliş” müsabiqəsinin imtahan nəticələri açıqlandı

Aktual

25 Aprel 2024, 13:30

“Yüksəliş” müsabiqəsi iştirakçılarının səbirsizliklə gözlədiyi onlayn mərhələnin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb.

 

Müsabiqənin İşçi Qrupundan Modern.az-a bildirilib ki, imtahanda iştirak edən 9 min 784 nəfərdən 4278 nəfəri onlayn mərhələnin növbəti turunda iştirak etməyə haqq qazanıb. İmtahanı uğurla başa vuran iştirakçılardan 3 min 420 nəfəri kişi, 858 nəfəri isə qadındır. Namizədlər arasında 31-40 yaş aralığında olan iştirakçılar üstünlük təşkil edir. Bakalavriat dərəcəsi üzrə universitetlərə qəbul ballarına nəzər saldıqda 500 baldan yüksək nəticə göstərən namizədlərin üstünlük təşkil etdiyi müşahidə olunur. Universitetlər üzrə ən yüksək nəticəni Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavriat səviyyəsinin məzunları göstəriblər.

 

Qeyd edək ki, “Ümumi biliklər imtahanı” üçün təyin olunan keçid balı 60 idi. Ötən illərdən fərqli olaraq, builki müsabiqənin onlayn mərhələsi “Ümumi biliklər imtahanı” və “CV turu” olmaqla 2 hissədən ibarətdir. İmtahanı uğurla başa vuran 4278 nəfər mayın 1-dən 10-dək davam edəcək “CV turu”nda iştirak etməyə haqq qazanıblar.

 

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

 

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

 

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok