Modern.az

Kamal Abdulla Muxtar İmanovla görüşüb - FOTO

Kamal Abdulla Muxtar İmanovla görüşüb - FOTO

27 May 2024, 09:48

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları universitetdə salamlamaqdan sevinc duyduğunu dilə gətirib.

Rektor həm Azərbaycan Dillər Universiteti, həm də Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu ilə birgə əməkdaşlığın mühüm nəticələri barədə məlumat verib.

Bildirilib ki, ADU ilə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən doktorant və magistrantların elmi tədqiqatları, müvafiq elm sahələri üzrə müdafiəyə hazırlaşan hər bir əməkdaşın elmi fəaliyyətinin inkişafında ali təhsil ocağı öz dəstəyini əsirgəmir.

Rektor folklorşünaslıq üzrə araşdırmalarda və tədqiqat əsərlərinin ərsəyə gəlməsində Folklor İnstitutunun xüsusi qayğısını qeyd edib.

Elbrus İsayev Kamal Abdullanın NDU tələbələri ilə görüşmək istəyini, həmçinin onun da ADU-da tələbələrlə görüşmək arzusunu xüsusilə təqdirəlayiq qiymətləndirib.

Universitetin Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarovun moderatorluğu ilə keçirilən görüşdə kademiklər Kamal Abdulla və Muxtar İmanov haqqında məlumat verilib.

Kamal Abdulla romanlarının dil-üslub və poetik imkanları haqqında danışan dekan vurğulayıb ki, Kamal Abdulla ənənəvi roman anlayışına yeni nəfəs gətirən yazıçıdır və onun romanları müasir Azərbaycan nəsrinin qiymətli əsərləridir.

Ədəbiyyatşünaslıq və folklorşünaslığa aid çoxsaylı dəyərli əsərlərin müəllifi olan Muxtar İmanov haqqında məlumat verən Arif Ağalarov qeyd edib ki, akademikin Azərbaycan nəsrində psixologizm probleminin nəzəri əsaslarının müəyyənləşdirilməsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, eləcə də folklorşünaslığın bir sıra aktual problemlərinə həsr edilən 10 monoqrafiyası, 200-dən artıq elmi məqaləsi, eləcə də çoxsaylı publisistik yazıları nəşr olunub. Onun Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyası humanitar-filoloji elmimizdə böyük rezonans doğurub.

Akademik Kamal Abdulla muxtariyyətin 100-cü ildönümü ərəfəsində NDU-da olmaqdan olduqca məmnun olduğunu ifadə edib. Rektor tələbələri Azərbaycanın ictimai həyatında fəal iştirak etməyə, dövlətçiliyə sadiq ruhda yaşamağa, müasir dünya elminə inteqrasiya olmağa və bütün varlıqları ilə Vətənə, xalqa, layiq vətəndaş kimi öz üzərlərinə düşən vəzifələri yüksək bacarıqla yerinə yetirməyə çağırıb. Kamal Abdulla gəncliyə, gələcəyə inamla baxdığını, Azərbaycanın inkişafında gənclərin rolunun müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.
AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Kitabi-Dədə Qorqud”un yaranması, strukturu, dil və üslub xüsusiyyətlərindən, eposun nəşr və tədqiq tarixindən söz açıb. Diqqətə çatdırılıb ki, “Dədə Qorqud” oğuz türklərinin dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən möhtəşəm abidələrdən biridir. Heç bir xalqda analoqu tapılmayan elə bir ədəbi əsər nümunəsidir ki, onda türkün milli xarakteri, psixologiyası, adət-ənənələri, dini-fəlsəfi baxışları, əxlaqı, dövlət quruculuğu, qəhrəmanlıq salnaməsi, ailə münasibətləri, şifahi və yazılı dilinin tarixi öz əksini tapır.

Müəllim və tələbələrin suallarını cavablandıran akademiklər universitet Elmi kitabxanasına kitablar hədiyyə ediblər.

Sonda NDU-nun Tələbə teatr studiyasının Kamal Abdullanın “Bir, iki, bizimki” əsəri əsasında hazırladığı tamaşa nümayiş olunub.

Akademik Kamal Abdulla yaradıcılığına göstərilən xüsusi diqqət üçün NDU rektoru başda olmaqla bütün kollektivə öz təşəkkürünü bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq