Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi bizə birbaşa hər hansı təhdid yaratmır. Hazırkı mərhələdə yeganə təhlükə Əfqanıstandan başlayan qaçqın axınının bir ucunun Azərbaycan sərhədlərinə yönəlməsi ola bilər, amma əfqanıstanlıların əsas miqrasiya istiqaməti Türkiyə və Avropadır. Bu baxımdan Türkiyə üçün ciddi iç qarışıqlıq riski var. Türkiyə toplumunun səbri tükənib və qaçqın problemi ilə əlaqədar partlamağa hazır bomba kimidir. (Qarşıdakı seçkilərin nəticələrində bunu görəcəyik.)
Taliban reallığı Azərbaycanın maraqları baxımından bəzi qeyri-müəyyənliklər və dolayı təhlükələr yaradır. Kabildəki hökumət Azərbaycanın dostu idi, bütün beynəlxalq təşkilatlarda (BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı) bizə birmənalı dəstək verirdi. Taliban hökuməti necə mövqe tutacaq, ümumiyyətlə, bu hökumət beynəlxalq səviyyədə legitimlik qazanacaqmı? Bu, aydın deyil. Dolayı təhlükə kimi sərhədlərimizin yaxınlığında radikal islamın dirçəlməsini qeyd edə bilərik, bunun bütün bölgədə eyni və bənzər ideoloji görüşdə olan qüvvələri ruhlandıracağı şübhəsizdir.
Azərbaycan yəqin ki, ehtiyac olacağı təqdirdə, Pakistan vasitəsilə Talibanla əlaqə qurmağa çalışacaq. Pakistan Taliban üzərində böyük təsir gücünə malik regional oyunçudur. Bu hərəkatın yaradılmasında, güclənməsində Pakistan kəşfiyyatı ISI-ın böyük rolu var. Hazırda Taliban lideri, əmir əl-möminin ünvanı almış Heybətullah Axundzadənin Pakistanda yaşadığı güman olunur, lakin bu adamın kimliyi, ümumiyyətlə, belə bir adamın mövcud olub-olmadığı dəqiq bəlli deyil.
Pakistan-Taliban əlaqəsi barədə bu gün çoxlu suallara rast gəldim. Bu mövzunu anlamaq üçün İranın Azərbaycan Respublikasına baxışı sizə açar rolunu oynaya bilər. Pakistan Əfqanıstanda normal dövlət qurulmasında maraqlı deyil və orada “failed state” (baş tutmamış dövlət) durumunun davam etməsini istəyir. Çünki Əfqanıstanda stabil, güclü paştun dövlətinin qurulması Pakistandakı 40 milyonluq bu etnosu hərəkətləndirə və paştun millətçiliyini tətikləyə bilər. Əşrəf Qəni Hindistanla çox yaxın əlaqələr qurmuşdu və onun devrilməsi Pakistanı yəqin ki, məmnun edib. Amma bununla yanaşı, Pakistan Talibanın tam oturuşub, möhkəmlənməsində də maraqlı olmayacaq.
Ümumiyyətlə, yaxın gələcəkdə Əfqanıstanda Suriyaya bənzər bir vakxanaliyanın yaranması və vəkalət savaşlarının başlaması ehtimalı böyükdür:
Talibanın Dohadakı siyasi qanadı hər kəsə zeytun budağı uzadır, heç kimi geri çevirmir. Lakin Taliban homogen bir struktur deyil, tərkibində çeşidli qruplar var. Talibanla bərabər hərəkət edən ultraradikal Hakkani şəbəkəsi də kifayət qədər güclüdür. Bu qruplaşma da Pakistana yaxındır. Yəni Dohadakı nümayəndələrin bütün Talibanı təmsil edib-etmədiyi sual doğuran məsələdir.
Şahin Cəfərli,
Siyasi icmalçı