Modern.az
Qəzənfər Həmidoğlu Ərdoğan və Putin: Osmanlı və Rus çarlığı küllüklərində manevrlər

Qəzənfər Həmidoğlu

Ərdoğan və Putin: Osmanlı və Rus çarlığı küllüklərində manevrlər

Analitika

6 Avqust 2022, 16:56

Qəzənfər Həmidoğlu

Ərdoğan və Putinin 4 saatlıq Soçi görüşündə Türkiyə və Rusiya rus taxılının maneəsiz ixracının təmin edilməsi, energerika sahəsində əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və Ankarının rus qazı tədarükünü qismən rublla ödəməsində anlaşdılar, “Ağ quyu",  AES-in tikintisini müzakirə etdilər, Suriya və Liviya məsələlərində mövqelərini yaxınlaşdırmağa çalışdılar. Hər iki tərəfin Soçi görüşü ilə bağlı rəsmi məlumatlarında belə deyilir.
 

Rusiya Türkiyəyə ildə 26 milyard kubmetr qaz ixrac edir və “Türk axını” qaz kəmərinin “Avropanın mavi yanacaqla tədarükündə mühüm arteriyalardan birinə çevrildiyi”ni deyən Rusiya lideri bu mövzuda türkiyəli həmkarının qılığına girdi: “Düşünürəm ki, avropalı tərəfdaşlar Türkiyəyə minnətdar olmalıdırlar ki, bizim qazımızın Avropa bazarına fasiləsiz tranzitini təmin edir”.
 

Yeri gəlmişkən, “The Washington Post” iddia edir ki, danışıqlar ərəfəsində Rusiya tərəfi Türkiyəyə Qərbin sanksiyalarından yan keçməkdə kömək üçün müraciət edib. Guya bu gizli müraciəti Ukrayna kəşfiyyatı ələ keçirib. İddiaya görə, Rusiya Türkiyənin neft emalı zavodlarında və neft terminallarında rusiyalıların pay almasına razılıq istəyib ki, bu yolla Qərbin embarqosunu aşa bilsin və Rusiyanın iri maliyyə strukturlarının Türkiyənin dövlət banklarında hesab açmasına nail olsun. Lakin Qərb və Ukrayna rəsmiləri bu “ələ keçirilmiş məlumat” barədə məlumatlı olmadıqlarını bildirirlər.
 

İki liderin danışıqlarının uzun sürməsi görüşün müzakirə predmetinin zənginliyindən xəbər verir. Təbii ki, Ərdoğan və Putin bir araya gəliblərsə, Ukrayna mövzusundan yan keçmələri nonsensdir. Putinin Ukrayna taxılının ixracına razılıq verməsi bir tərəfdən qlobal buğda qıtlığının günahkarı olması ittihamlarını üzərindən atmaq istəyi ilə bağlıdırsa, digər tərəfdən ümidi “xoş məramı”nın qarşılığında Ukrayna müharibəsində atəşkəsə nail olmaq idi. Rusiyanın Ukraynanın cənubunda, Xerson istiqamətində Ukrayna ordusunun hücumlarına əngəl olmaq üçün savaşa ara veilməsinə hazırda əşədü-ehtiyacı var. Son günlər Kremlin Qərb dairələrindəki adamları bununla bağlı fəallıq göstərirlər. Türkiyə diplomatiyası isə savaşın ilk aylarından Rusiya-Ukrayna müharibəsində arabuluculuq üçün sino gedir. Soçidən qayıdan Ərdoğan təyyarədə jurnalistlərə bununla bağlı deyib:

"Ukraynadakı savaşı qazananın olmayacağını başından bəri vurğulayıram. Sahədəki sıxıntılara rəğmən, böhranın müzakirə masasında çözüləcəyinə güclü inancımı qoruyuram. Hörmətli Putinə hörmətli Zelenski ilə görüşməsinə ev sahibliyi edə biləcəyimizi bir kəs daha xatırlatdım. Qara dənizdə qonşumuz Rusiya ilə dialoqumuzu regional və qlobal sülhə töhfə vermək məqsədi ilə irəli aparmağa davam edəcəyik”.
 


Ərdoğan Putinlə Zelenskinin görüşü üçün yalnız vasitəçilik edə biləcəyini deyib. Putin Ərdoğandan “hərbi fasilə” ilə bağlı yardım istəyində bulunubsa belə, Türkiyə üzərinə belə missiya yükləməz. Çünki bir tərəfdən Zelenski belə atəşkəsə getməz, digər tərəfdən atəşə ara vermək Rusiyaya danışıqlar üçün deyil, nəfəsini dərib işğalını davam etdirmək üçün gərəkdir...
 

Rusiyanın təcrid olunduğu və sanksiyalara məruz qaldığı bir dönəmdə Ərdoğan Soçiyə səfər etməklə, əlbəttə ki, Putinə şərəf verdi. Bunu hətta psixoloji-diplomatik dəstək kimi də dəyərləndirmək olar. Son illərdə Rusiya və Türkiyə liderləri bəlkə də ən intensiv təmasda olan iki dövlət başçısıdır. Lakin iki alfa-lider bir-birilərindən elə də xoşlanmırlar, hərə öz oynunu oynayır, manipulyasiya və manevrlər edirlər.
 

Osmanlı imperatorluğunun genlərini özündə daşıyan Türkiyə yerləşdiyi coğrafiyada geosiyasi və geostrateji baxımdan böyük oynamağa məcburdur. Keçmiş Osmanlı imperatorluğu coğrafiyasında - Yaxın Şərq, Balkanlar, Şərqi Aralıq dənizi və Qara dəniz hövzəsində, eləcə də Cənubi Qafqazda – qlobal geosiyasi konyunkturaya bu və ya digər dərəcədə təsir edən fərqli regionların əhatəsində, nüfuz savaşının səngimədiyi qəliz geosiyasi məkanda regional güc kimi meydanda olmaqdan və oynamaqdan başqa çarə yoxdur.
 

Türkiyədəki çevrilişlərin və çevriliş cəhdlərinin arxasında Amerikanın durması, bir çox regional çəkişmələrdə Qərbdən dəstək görməməsi, NATO üzrə müttəfiqlərinin kürd separatçılarına dəstək vermələri və s. siyasi, iqtisadi və ideoloji tərs düşmələrlə bağlı Türkiyə cəmiyyətində və siyasi elitasında anti-amerikanizm və anti-Qərb ovqatının güclənməsi fonunda Ankara son dönəmlərdə Qərbdən asılı olmayan xarici siyasi aktivliyə, Şərqdə alternativlər axtarmağa meyl edir, Rusiya ilə manevrlərlə, birgə işlər və addımlarla milli maraqlarını təmin etməyə, Qərblə Moskva arasında mümkün balanslı siyasətə çalışır. Amma bunun nə dərəcədə strateji, perspektivli siyasət olduğu mübahisəlidir. Hər halda, Qərbdən uzaqlaşmaq Türkiyəni Rusiyaya avtomatik yaxınlaşdırmır...
 

Əslində, Rusiya Türkiyəni strateji güc kimi görmür, Qərb dünyasından ayıraraq yanına almağa və Ukrayna müharibəsi fonunda Ankaradan maksimum faydalanmağa çalışır. Rusiya mediasına ötəri nəzər salmaq yetərlidir ki, rusların türklərə güvənmədiyini görəsən. Putin 20 ildir Rusiya çarlığı və SSRİ-nin küllüklərində keçmiş imperiyanın bərpası röyası ilə yatıb-durur, 2022-ci ilin fevralındansa Ukraynada yuxusunu “çin” çıxarmağa cəhd edir. Şoyqunun SSRİ-nin bərpası ilə bağlı son əbləh açıqlaması və Medvedevin “Kiyev və bütün Malorossiya millətçi bandalardan azad olduqdan sonra” “mövcud olmayan Gürcüstan” və “ süni Qazaxıstan dövləti”ni birləşdirərək slavyan imperiyasını - “vahid, əzəmətli və məğlubedilməz Rus”u xortlatmaqla bağlı “ВКонтакте”dəki sərsəmləməsi də Putinin xülyasının üzə çıxan simptomlarıdır.
 

Rusiyanın imperiya hikkələri Türkiyənin Cənubi Qafqaz, Mərkəzi Asiya, Qara dəniz regionu və Yaxın Şərqdə yürütdüyü siyasətə diametral şəkildə ziddir. Hazırda Ərdoğanla Putin müəyyən anlaşmalara vara, güzəştlərə gedə bilir, “mehriban düşmənçilik” edirlər. Qərblə manevrlərində Türkiyə Rusiyanın həddən artıq zəifləməsini istəmir, amma orta və uzunvədəli perspektivdə güclü Rusiya Ankaraya yalnız başağrıları vəd edə bilər.
 

Türkiyə və Rusiya regionun bir-birinə iki əsas düşmən dövlətləridir, o sadə səbəbdən ki, qeyd etdiyimiz kimi, indiki yumşalmalara rəğmən maraqları sərt şəkildə toqquşur. Tarixən belə olub, görünür, gələcəkdə də belə olacaq. Hazırda Türkiyə TV-lərində avrasiyaçılar meydan sulasa da, bəzi qəfil putinoidlər Ukrayna müharibəsində Rusiya liderinə tərəfkeşlik etsələr də, çətin ki, türklərin genetik yaddaşından “Türkiyə üzərindən isti dənizlərə enmək istəyən Rusiya” silinsin...
 

Osmanlı-Rusiya müharibələrinin böyük əksəriyyəti türklər üçün uğursuzluqla bitib. Həmin savaşlarda Rusiya bu və ya digər dərəcədə Qərbin bir parçası idi, (Krım müharibəsi istisna olmaqla) onun hərbi paktlarda təmsil olunurdu və ən azından Rusiyanın başında duran alman kökənli imperatorlar Avropa sülalələri ilə qohum idilər. Putin Rusiyası isə Avropadan qovulub.
 

ABŞ və AB-nin Ankara ilə münasibətləri hazırda xeyli soyusa da, avropalılar qardaş ölkəyə bir yığın problemlər yaratsalar da, Avropa Birliyinə yaxın buraxmasalar da, “sultan Tayyip”ə şübhə ilə baxsalar da, NATO üzvü olan müasir Türkiyə mahiyyətcə, siyasi, iqtisadi və hərbi baxımdan, eləcə də sivil həyatı və perspektivləri ilə Qərb dünyası ilə bağlıdır.
 

Yəni, 3-4 əsrlik Türkiyə-Rusiya rəqabətində tarixi narrativ və kontekst, qlobal şərt və imkanlar köklü şəkildə dəyişib, Türkiyə Cümhuriyyətinin 100 illiyi ərəfəsində tamamilə fərqli şəkil alıb...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi