Dövlət Gömrük Komitəsinin “Sınıq Körpü” buraxılış məntəqəsində insanlar rəsmən işgəncəyə məruz qalır.
Dövlət Komitəsi bu xəbərləri hər nə qədər təkzib etsə də, Modern.az-ın əməkdaşı olaraq özüm ailə üzvlərimlə birlikdə bu biabırçılığın şahidi oldum.
Belə ki, vətəndaşlar Azərbaycandan Gürcüstana keçmək üçün heç bir narahatlıq yaşamır. Hətta Gürcüstan tərəfi ani sıxlıq yarandığı halda, yoxlama aparan gömrükçülərinin sayını artırır.
Problem məhz Gürcüstandan Azərbaycana qayıdanda baş verir. İnsanların 3-5 günlük istirahəti 2 saatın içində “Sınıq Körpü” postunda rəsmən “burnundan gətirilir”.
Saatlarla gözləmə avtobusla uzun yol gələn sərnişinlər gömrükçülər tərəfindən xüsusi yoxlamadan keçirilərkən yaşanır. Belə ki, minik və yük avtomobilləri üçün sərhəddə süni sıxlıq yaradılır. Bunun nəticəsində də ölkəyə avtobusla qayıdan sərnişinlər əziyyət çəkməli olurlar. Sərnişini olduğum Batumi-Bakı avtobusu saat 20:15-də gömrük postuna çatmasına baxmayaraq, yalnız saat 23:00-da yoluna davam edə bildi. Əvvəlcə uzun tıxacda gözləyən avtobus daha sonra “rentgen” müayinəsindən keçirildi.
Bu arada isə sərnişinlərdən “öldünmü, qaldınmı” deyə soruşan belə, olmadı. Avtobus sürücüsü və köməkçisi haqlı narazılıqlara cavab verərkən bunun adi hal olduğunu və artıq alışdıqlarını deyərək, yola davam etdilər.
İndi mən Dövlət Gömrük Komitəsindən “yazılanların hamısı tamamilə əsassızdı” kimi növbəti açıqlamanı gözləyirəm...
Gülşən RAUFQIZI