Modern.az

Cavid Hüseynovun məhkəməsi təxirə salındı

Cavid Hüseynovun məhkəməsi təxirə salındı

Aktual

16 Sentyabr 2016, 10:39

 

Bakı Apelyasiya Məhkəməsində "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində hökmdən verilən apelyasiya şikayətinə baxılması növbəti dəfə təxirə salınıb.

Bu barədə Modern.az-a məlumat verən futbolçunun vəkili Adəm Məmmədov deyib ki, Ali Məhkəməyə şikayət verib.

Vəkil bildirib ki, şikayət Bakı Apelyasiya Məhkəməsinin ilkin qərardadının ləğv edilməsi və işin yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarılması ilə bağlıdır:

“Çünki, işə Bakı Apelyasiya Məhkəməsində məhkəmə istintaqı ilə baxılmasını istəyirik. Şikayət qəbul edilib. Ali Məhkəmə qərar verənə qədər məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb".

 

Reportyor Rasim Əliyev 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı C.Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

 

C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

2016-cı il aprelin 1-də məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

C.Hüseynovun işi ayrıca icraata verilib. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilərək Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Gülşən RAUFQIZI

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı