Modern.az

Gürcüstana köç edən Ahıska türkləri barədə yeni MƏLUMATLAR

Gürcüstana köç edən Ahıska türkləri barədə yeni MƏLUMATLAR

Aktual

16 Sentyabr 2016, 15:40

Azərbaycanda, eləcə də, digər türk dövlətlərində məskunlaşan Ahıska  türklərinin sürgün edildikləri tarixi torpaqlarına geri dönüş etməsi məsələsi zaman-zaman gündəmə gəlir. Bəzən dağınıq, bəzən də kompakt şəkildə yaşayan əhalinin ümumi sayı o qədər də çox deyil.

 

Azərbaycanda məskunlaşan Ahıska türkləri ilə bağlı Gürcüstan tərəfi müəyyən qərarlar qəbul edib.

Bəs hal-hazırda vəziyyət necədir?

2016-cı ildə nə qədər ailə geri dönüş edə bilib?

 

Azərbaycanda yaşayan Ahıska Türkləri  Vətən İctimai Birliyinin sədri İbrahim Məmmədov  bu barədə Modern.az-a açıqlama verib.

O, Ahıska türklərinə Gürcüstan tərəfindən verilən vətəndaşlıq məsələsindən danışıb.

 

“20-ci əsrin 40-cı illərində sürgün olunmuş şəxslərin geri qayıtması ilə bağlı 2007-ci ildə Gürcüstan parlamenti tərəfindən qərar qəbul olunub. Həmin qanundan sonra rəsmi olaraq Gürcüstana müraciət etdik. 13 min 256 ailənin ərizəsi toplandı. Qanunda müddət qoyulmuşdu ki, 2009-cu ilin sonuna  kimi müraciət etməli idik. Lakin Azərbaycanda yaşayan Ahıska türklərindən ərizə toplaya bilmədik. Ancaq  5428 ailənin müraciəti Gürcüstan tərəfindən qəbul olundu. 2011-ci ilin sonlarından  status verilməyə başlandı. İndiyə qədər 1600-1700 nəfərə  status verilib. Onlardan da 492 nəfərə şərti Gürcüstan vətəndaşlığı verilib.

 

Şərti vətəndaşlıq da odur ki, Azərbaycan vətəndaşlığından çıxdıqdan sonra Gürcüstan vətəndaşlığı veriləcək. Son bir ildə Ahıska türklərindən 20-yə yaxın ailə Gürcüstana köçüb. Hal-hazırda köç davam edir. Çünki Gürcüstana köçmək istəyənlər var. Ahıska türklərinin sayı təxminən 70 minə yaxındır”.

 

Birliyin sədri, Gürcüstana köç edən Ahıska türklərinin məskunlaşdıqları ərazilərdən də danışıb.

 

“Ahıska türkləri haradan ki, sürgün olunublar, həmin yerlərdə də məskunlaşıb yaşamağa başlayırlar. 2010-cu ilə qədər sürgün olunduqları yerlərdən ev almağa icazə verilmirdi. 2010-cu ildən sonra isə kim harada istəyirsə oradan da ev alırdı. Lakin son bir ildə Gürcüstan dövləti tərəfindən statusların verilməsi məsələsi dayandırılıb. Səbəbini soruşanda deyirlər ki, müraciət edənlərin ərizələrinə baxılır. Həm də kimin ki, sənədləri tam qaydasındadır, onunla bağlı qərar verirlər”.

 

İbrahim Məmmədov həmçinin, köç məsələsi ilə bağlı müraciətlərə də toxunub.

 

“Ahıska türklərinin köç məsələsi ilə bağlı Azərbaycan tərəfinə rəsmi müraciət olunmayıb. Bir neçə dəfə çalışmışıq ki, Azərbaycan-Gürcüstan  dostluq qrupu ilə görüşlər təşkil edək. Amma, bu alınmayıb. Hər halda, istəsələr, biz görüşə bilərik. Eyni zamanda, Gürcüstan parlamentində heç olmasa, 3-4 dəfə görüşlərimiz olub. Bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyi ilə, Miqrasiya xidməti ilə görüşlərimiz olub”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı