Quba-Xınalıq avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq bərpa olunub, çay öz məcrasına qaytarılıb.
Bu haqda “Azəravtoyol” ASC-dən Modern.az-a verilən məlumatda bildirilib.
Məlumata görə, bir-neçə gün bundan öncə sel suları nəticəsində dağılmış körpülər və yol hissələri "Azəravtoyol" ASC-nin ağır texnikası və canlı qüvvəsinin fasiləsiz əməyi nəticəsində qısa müddət ərzində bərpa olunaraq vətəndaşların istifadəsinə açılıb.
Hazırda yol boyu bərpa işləri davam etdirilir, körpülərdə betonlama işləri aparılır.
Yolun 36-37-ci km-də selin dağıtdığı yolda avtomobillərin hərəkəti bərpa olunub. Yolun 57-ci km-nə qədər olan hissəsində problemlər aradan qaldırılıb.
Güclü sel səbəbindən qəzalı vəziyyətə düşən Quba-Xınalıq yolunun 29-cu və 36-cı km-də yerləşən körpülər də təmir edilib.
Qeyd edək ki, sentyabr ayının 1-dən 2-nə keçən gecə aramsız yağan yağışlardan sonra Qudyalçayın öz məcrasından çıxması nəticəsində Quba-Xınalıq avtomobil yolunun 29 və 36-cı km-lik hissəsində yerləşən körpülər və yol dağılmış, avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayanmışdı.
Gülşən RAUFQIZI