Sentyabrın 18-də “1984” adlı məkanda Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi tərəfindən tərcümə edilmiş, “Kitabıstan” yayınlarının ikinci nəşri olan Dünya Sionist Təşkilatının qurucusu Teodor Hertslin müəllifi olduğu “Yəhudi dövləti” kitabının təqdimat mərasimi keçirilib.
“Yəhudi dövləti” İsrailin qurulmasından 52 il öncə qələmə alınıb.
Modern.az xəbər verir ki, sözügedən kitabda İsrail qurulandan sonra yəhudilən bu ölkəyə köçü, iqtisadiyyatın qurulması, ordu və polis sistemi, binaların tikintisi, dini məbədlərin tikintisi və sair məsələlərdən bəhs olunub.
Kitabın naşiri, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə çıxış edib:
““Yəhudi dövləti” kitabı 2000 il sürgün həyatı yaşayan bir xalqın möhtəşəm mübarizəsini göstərir.
Teodor Hertsl bu kitabı İsrail qurulmamışdan 52 il öncə yazıb. Yəhudilər göstərdi ki, bir xalq ortaya iradə qoysa 2000 il sürgün həyatı yaşamasına baxmayaraq dünyanın ən güclü dövlətlərindən birini qura bilər.
Teodor Hertsl özü dəfələrlə Osmanlıya səfər edib, sultanla görüşüb ki, Fələstində torpaq alsın. Amma sultan buna razı olmayıb. Hertsl İsrailin qurulması üçün yəhudi bankirlərlə görüşəndə ona “bunlar hamısı boş işlərdir” demişdilər. O isə “mən İsrailin xəritəsini ürəyimə çəkmişəm. Mənə bunun imkansız olduğunu deməyin” deyə cavab vermişdi.
İndi bizə də “bunlar boş işlərdir” deyirlər. Amma biz yorulmadan, dayanmadan çalışırıq. Bu gün Milli Fikir Mərkəzi 5 kitabın tərcüməsini bitirib, hazır edib.
Gənclər dünyanın ən möhtəşəm əsərlərini oxumalı, ən möhtəşəm mübarizələri ilə tanış olmalıdırlar. Biz oxumalıyıq. Çünki yalnız oxuyan adamlar birləşə bilər. Biz birləşməliyik. Çünki hamımız bir olanda Azərbaycan oluruq!..”
Qeyd edək ki, Teodor Hertsl özü İsrailin qurulması üçün bir neçə dəfə Osmanlıya səfər edib, sultan II Əbdülhəmidlə görüşüb.
Hertsl Fələstin torpaqlarını Osmanlıdan satın almağı və bunun qarşılığında Osmanlının bütün xarici borclarının bağlanmasını təklif etsə də sultan bununla razılaşmayıb.
Onu da xatırladaq ki, Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi və “Kitabıstan” yayınlarının ilk nəşri (Etatizm Akademiyası - 1) rus yazıçı Qriqoriy Petrovun Finlandiyadakı aydınlanma hərəkatı haqqında yazdığı “Bəyaz zanbaqlar ölkəsində” kitabı olub. Həmin kitabın da artıq üçüncü basqısı çapdan çıxıb və satışdadır.
Modern.az