Modern.az

2016-2017-ci tədris ili “Təhsildə dəyərlər ili” olsun - TƏKLİF

2016-2017-ci tədris ili “Təhsildə dəyərlər ili” olsun - TƏKLİF

Aktual

21 Sentyabr 2016, 13:09

Təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı 2016-2017-ci tədris ilinə “Təhsildə dəyərlər ili” kimi yanaşmağı təklif edib.

 

Modern.az-ın xəbərinə görə, tanınmış ictimaiyyət nümayəndələrinin bununla bağlı fikirlərini bildiriblər.

 

 

Deputat Tahir Mirkişili:

 

“Müasir inkişafın və innovasiyaların mərkəzində insan amili durur. Məhz insan ideyaları çağdaş dünyanın əsas hərəkətverici qüvvəsidir. İnsanlar isə belə ideyalarla təhsil vasitəsilə silahlanırlar.

 

Təhsil prosesinin insanlara aşılaya biləcəyi milli mənəvi dəyərlər, vətənpərvərlik, işgüzarlıq və nizam- intizam Azərbaycanın dayanıqlı və inklüziv inkişafını təmin edəcəkdir. Fikrimcə, bu tədris ilinə “Təhsildə dəyərlər” ili kimi yanaşmaq ölkənin qarşısında duran müasir çağırışlara layiqli cavab verməsinə böyük bir dəstək olacaqdır”.

 

Təhsil eksperti Etibar Əliyev:

 

“Bəlkə də çoxdandır ki, leksikonumuzda dəyər anlayışına rast gəlinmirdi.Məşhur ensiklopediyaların birində yazılır ki, nəyə  qiymət verilirsə, o dəyərdir. Deməli, qiymətli və dəyərli olmaq üçün dəyərlərə sahib olmaq gərəkdir. Biz biliklərə qiymət veririk.

 

 Bəs ədalət,  həqiqət, mərhəmət, vətənə sevgi, xeyirxahlıq, azadlıq, bərabərlik, düzgünlük kimi dəyərlər də qiymətləndirilməli deyilmi? Dəyər sistemi şəxsiyyəti daim mənəvi yüksəklikdə saxlayır, onu insani, sosial və saf ideallara bağlayır,  əsl vətəndaşa, xeyirxah insana, fədakar dosta, yorulmaz peşəkara, cəsur əsgərə çevirir”

 

Gədəbəy rayonu Slavyanka kənd 1 saylı Q.Əhmədov adına orta məktəbində müəllimi Cavid Əliyev:

 

“Keçən il “Təhsildə keyfiyyətin artırılması” ili elan edilmişdi.  Bu il isə "Təhsildə dəyər” ili kimi yanaşılması ölkəmizin təhsilə verdiyi dəyərin göstəricisidir.2016-2017-ci  tədris ilinə “Təhsildə dəyər" ili kimi yanaşılması biz müəllimlərdə böyük ruh yüksəkliyi yaradır. Bu da gələcək nəslin vətəninə , torpağına, millətinə bağlı əsl vətəndaş kimi yetişməsinə böyük təsir göstərir.

 

 Şagirdə bir şəxsiyyət kimi yanaşılmalı, onun arzuları, istəkləri, bilik və bacarıqları göz önünə alınmalı və tədris bu istiqamətdə aparılmalıdır”.

 

 

Ekspert Elmina Kazımzadə:

 

“Təhsildə dəyərlərin inkişafı qarşılıqlı proses olaraq bu sahədə çalışan peşəkarlardan böyük məsuliyyət tələb edir və təkcə keyfiyyətli təlim-tədris fəaliyyətləri ilə məhdudlaşmır. Dəyərlərə əsaslanmış təhsil ritorikadan uzaqdır və konkret mexanizmlərin vasitəsilə təhsil prosesində tətbiq olunur. İlk növbədə müəllimlərin hazırlanma sistemində sosial xidmətə aid təlim proqramları tətbiq olunur.

Fənn kurikulumlarında öyrənənin şəxsiyyətini səlahiyyətləndirən yeni mövzulara ehtiyac duyulur, amma onların təlimi və qiymətləndirilməsi qapalı test vasitəsilə ölçmək mümkün deyil. Ona görə burada vacib bir məqamlardan biri - dəyərlərə yönəlmiş təhsilin nəticələrini necə ölçüb və qiymətləndimək- sualı müzakirəyə çıxarılmalıdır”.

 

Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva:

 

“Təhsil işçilərinin sentyabr konfransında təhsil naziri Mikayıl Cabbarov bu tədris ilinə “Təhsildə dəyərlər” ili kimi yanaşması təsadüf deyil. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında beş prioritet məsələnin biri yeni məzmunun yaradılmasıdırsa, deməli dəyərlərin də məzmunda əks olunması vacib amil kimi ortaya çıxır.

 

Cənab prezident İlham Əliyevin 311 nömrəli məktəbdə təhsilin dəyərlər üzərində qurulması haqqında çıxışı gələcək fəaliyyət istiqamətlərinimüəyyənləşdirmək üçün proqram xarakteri daşıyır. Şəxsiyyətin tamlığı vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə bağlılıq, bəşəri dəyərlərə hörmət aşılamaqla bağlıdır”.

 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı