Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə cinayət işində olan sənədlərin tədqiqi başlanıb.
C.Hacıyevin vəkili Aqil Layicovun vəsatəti Dünyamin Xəlilov və Xəqani Bəşirov adlı şəxslərin məhkəməyə şahid qismində dəvət olunması ilə bağlı olub.
Keçmiş bankirin digər vəkili Fəxrəddin Mehdiyev isə maliyyə naziri Samir Şərifovun məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıb.
Keçirilən prosesdə F. Mehdiyev məhkəmə prosesinin sürətli şəkildə, həftədə 3 dəfə keçirilməsinə etiraz edib.
Dövlət ittihamçısı Fərid Nağıyev qaldırılan vəsatətlərin təmin olumnmamasını istəyib.
Hakim bildirib ki, vəsatətlərlə bağlı qərar fasilədən sonra açıqlanacaq.
Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.
Modern.az