Türk dünyasının tanınmış imzalarından olan Məmməd Aslanın vəfatından sabah bir il ötür.
Mərhumun qızı Təbrizə Aslanova ik dəfə olaraq atası ilə bağlı xatirələrini Modern.az saytı ilə bölüşüb.
“Demək olar ki, atamla duyğularımız, fikirlərimiz eyni idi. Ona görə də biri-birimizi çox yaxşı başa düşürdük. “Bunu necə etsəm, ona xoş gələr”, ya da əksinə, “bunu etsəm, xətrinə dəyərəm” kimi fikirləri öncədən bilirdim. Amma bəzən olurdu ki, dialoq zamanı biri-birimizlə razılaşa bilmirdik”.
Məmməd Aslanın uzun illər təkliyə meylli olması barədə səslənən fikirlərə qızının reaksiyası belə olub.
“Hər zaman atamın təkliyi sevdiyi barədə söhbətlər dolaşıb. Bəlkə də, o, heç zaman təkliyi sevməyib. Sadəcə, həyat tərzi təklik idi. Eyni zamanda, atam tək yaşayırdı. Düzü, atam sağlığında ailə məsələləri barədə danışmağı sevməyib”.
Mərhum şairin qızı atasının yaradıcılığından da söz açıb.
“Atamın ilk oxucusu biz qızları olmuşuq. Ölümünə 6-7 ay qalmış xəstə yatırdı. Həmin vaxtlar demək olar ki, bir yerdə olduq. Son şeirlərinin ilk oxucusu da övladları olub. Atamın həmişə bir arzusu olub. O da uşaqlarını savadlı görmək. Kitabları ilə bağlı özəl istəyi o idi ki, “mənim qızım o kitablara sahib çıxsın”. Deyirdi ki, “bu kitabları məndən sonra sən davam elətdir”.
Atam həm də qız uşaqlarını daha çox sevirdi. Ona görə qızıma həmişə “nənəm” deyə müraciət edirdi. Halbuki, qızımın adı Firuzə idi. Deyirdi ki, “bu, mənim nənəm, mənimm həyatımdır”.
Bir sözlə, nəvələri ilə çox yaxşı vaxt keçirərdi. Nəvələri ilə bağlı bir istəyi də vardı...”.
Məmməd Aslanın qızı atasının xatirəsi ilə bağlı dövlətdən kömək istədiyini də dilə gətirib.
“Məmməd Aslanın kitablarını öz evimə gətirmişəm. Kitabların sayı 10 minə yaxındır. Sadəcə, bir istəyim var. Atamla bağlı muzeyin yaradılmasını istəyirəm. Atamın kitabları, şəxsi əşyaları məndədir. Təbii ki, onları saxlamağa hazıram. İndi isə dövlətimizdən bununla bağlı kömək gözləyirəm”.
Namidə BİNGÖL