“Azərbaycan qoşulduğu beynəlxalq konvensiyaların prinsiplərinə uyğun olaraq özünü müdafiə məqsədi ilə silahlar ala bilər”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Çindəki keçmiş hərbi attaşesi, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
Y.Aydəmirov bildirib ki, Rusiyanın Ermənistana satdığı raket yaxın məsafəli əməliyyat-taktiki silahdır.
General vurğulayıb ki, Azərbaycan “İsgəndər” raketindən də güclü silahlar ala bilər:
“ Rusiyanın Ermənistana satdığı “İsgəndər-E” raketi yaxın məsafələri vurmaq üçün nəzərdə tutulmuş əməliyyat-taktiki raketdir.
Təbii ki, əgər Rusiya Ermənistana “İsgəndər-E” raketini sata bilirsə, Azərbaycan da belə tip silahları ala bilər.
Hətta Azərbaycan imzaladığı beynəlxalq konvensiyaların prinsiplərinə uyğun olaraq “İsgəndər-E raketindən də güclü silah ala bilər. Azərbaycan bu gün istənilən növ silahı almağa qadirdir və buna hər cür imkanı da çatır”.
Yaşar Aydəmirov söyləyib ki, Azərbaycan öz raketləri ilə Ermənistandakı istənilən obyekti məhv edər:
“Əslində bu gün həmin o “İsgəndər-E” raketi elə də qorxulu silah deyil. Biz raketlərimizi tuşlasaq, Ermənistandakı istənilən hərbi və digər strateji obyektləri məhv edərik.
Heç bir narahatçılığa əsas yoxdur. Hələ onu bilmək olmaz ki, həmin “İsgəndər-E” raketlərinin quruluşu necədir. Bəlkə də elə onların içi heç əsl “İsgəndər” quruluşu deyil.
Sadəcə olaraq, Serj Sarkisyan hakimiyyəti bu gün Ermənistanda mövcud olan inamsızlığı aradan qaldırmaq üçün mediaya bu cür məlumatları buraxırlar”.
Ağa AKİFOĞLU