“Görüş naminə görüşün keçirilməsi heç də müsbət hal deyil. Təbii ki, ATƏT-in Minsk qrupunun tərkibini təşkil edən ölkələr, eyni zamanda Fransa, Amerika Birləşmiş Ştatları (ABŞ), Rusiya müəyyən missiyaları üzərilərinə götürüb ,görüşlər təşkil etmək istəyir. Bu da eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə sadəcə olaraq hesabat naminədir”.
Bu sözləri Modern.az-a politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Azərbaycan tərəfi öz şərtlərini ortaya qoyub.
“Diktə edən tərəf kimi öz münasibətini bildirib. Artıq görüş naminə görüş keçirməyin heç bir faydası yoxdur. Hiss olunur ki, təşəbbüsü Rusiya tərəfi öz üzərinə götürüb. ATƏT-in Minsk qrupunun həmsədrləri müxtəlif bəyanatlar verirdi. Hətta bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə xarici işlər naziri Elmar Məmmədyarovun görüşü oldu”.
Ekspert deyir ki, bu gün erməni tərəfi cilovlanmasa, qoyulan məsələlərə cavab verməsə, hətta öz havadarlarına güvənərək müxtəlif variantlara və siyasi gedişlərə əl atmasa, bu görüşü keçirmək olar.
“Sankt-Peterburqdakı son görüşdə, Vyana, Madrid prinsipləri, Kazan protokolları və bütün digər sənədlərdə birinci şərt olaraq, işğal olunmuş ərazilərdən erməni qoşunlarının çəkilməsidir. Bunlar yerinə yetirildikdən sonra ikinci mərhələ başlanmalı və danışıqlar aparılmalıdır”.
Politoloq həmçinin bu gün görüş naminə görüşün keçirilməsinin Azərbaycana xeyir vermədiyini də qeyd edib.
“Buna görə də görüşlərin keçirilməsi düşünmürəm ki, Azərbaycan rəhbərliyi tərəfindən qəbul edilsin. Son vaxtlar Ağdamda ermənilər tərəfindən keçirilən şou təlimlər, paradlar göstərir ki , Serj Sarkisyanın öz hakimiyyətini qorumaq üçün və seçkilərə qədər vaxtı uzatmaq naminə heç bir müsbət danışıqlara getmək fikri yoxdur. Eyni zamanda Azərbaycan prezidentinin Bişkek görüşündə Ermənistan rəhbərinə verdiyi cavab da bir daha göstərdi ki, erməni rəhbəri ancaq və ancaq xarici nümayəndələrə, eyni zamanda MDB-yə üzv ölkələrə müxtəlif saxta bəyanatlarla müraciət edir. Düşünürəm ki, belə bir şəraitdə görüşlərin keçirilməsi məqsədəuyğun deyil”.
Mirmahmud KAZIMOĞLU