Tanınmış siyasi analitik Tahir Cəfərli ilə növbəti söhbətimizdə 26 sentyabr ümumxalq referendum ərəfəsində ölkədəki iqtisadi-siyasi durum, bu kampaniyanın ölkənin gələcəyi üçün açacağı perspektivlər və s. barədə danışdıq.
-Tahir müəllim, Azərbaycan xalqı növbəti -26 sentyabr referendumuna gedir. İqtidarın proqnozlarına görə,əksəriyyət Konstitusiyadakı dəyişikliklərə “hə” deyəcək. “Müxalifət” adlanan bir neçə azsaylı qurum isə referendumu baykot etməyə çağırır. Bütün hallarda bu istiqamətdə heç bir ciddi siyasi-sosioloji tədqiqat yoxdur. Bəs bu gün Azərbaycanda əslində nə baş verir, sizcə?
-Ölkəmizdə nə baş verirsə, geosiyasi zərurətdən irəli gəlir. Aydındır ki, bu zərurəti yaradan iqtisadi faktorlardır. Yəni ölkənin iqtisadi vəziyyəti ciddi struktur dəyişikləri etməyə vadar edir.
- Deməli, siz hesab edirsiz ki, nəzərdə tutulan Konstitusiya dəyişiklikləri birbaşa Azərbaycan iqtisadiyyatı ilə bağlıdır?
–Bəli, yalnız bununla. Siyasətdə buna “daş altı axın” deyirlər. Gözə dəymədiyinə görə… Ancaq bu, birbaşa iqtisadiyyatla bağlıdır. Məlumdur ki, iqtisadiyyat hakimiyyətin təməl daşıdır və hakimiyyətin necə yönləndirilməsini yalnız o diktə edir. Referenduma getməyimizin səbəbi də birbaşa iqtisadiyyatla bağlıdır. Bunu anlamaq üçün ölkə iqtisadiyyatında baş verən əsas proseslərə nəzər salmalıyıq. Məsələn, elə götürək devalvasiyanı. Səbəbini araşdırsaq, görərik ki, onun arxasında ciddi məsələlər durur. Nəzərə alsaq ki, devalvasiya Azərbaycan pulunu iki dəfə dəyərdən salıb və bunun ardınca başlayan resessiya ölkədə olan bütün malları və xidmətləri iki dəfə ucuzlaşdırıb. Bu, o deməkdir ki, Azərbaycanın büdcəsinə gələn gəlir ən azı iki dəfə azalmışdır. Çünki büdcəni Azərbaycanda dollarla ifadə edirdilər. Odur ki, hökumət əlindən gələni etməli idi ki, resessiyadan çıxsın. Çıxırmı? Yox. Belə bir proqramın və yaxud planın olmaması, ölkəni daha da acınacaqlı vəziyyətə sala bilər. Azərbaycan pulunun dəyərini saxlamaq üçün Mərkəzi Bankın milyardları xərcləməsi heç bir məntiqə uyğun gəlmir. Resessiyanın qarşısı alınmalıdır. Əks halda Azərbaycanı ciddi təlatümlər gözləyir. Fikir verin: devalvasiyaya Qazaxıstan da məruz qalmışdı, ancaq prezident Nazarbayev, ölkəsini resessiyaya uğramağa qoymadı. Çox asan bir üsulla - malların və xidmətlərin qiymətlərini dollara uyğun tənzimlədi. Sonra da maaş və pensiyaları da buna uyğun qaldırdı. Beləliklə, ölkə büdcəsinə gələn gəlir 1 tanqa da azalmadı. Biz qardaş xalqın sadə, həm də müdrik üsulundan istifadə etməliydik. Ancaq indiyə qədər bir “dünya şöhrətli” iqtisadçı və ya bununla məşğul olan digər mütəxəssis görmədik ki, ağzını açıb resessiyadan danışsın və bundan çıxış yollarını göstərsin. Və yaxud ciddi hökumət planını ortaya qoysun. Yalnız deputat Vahid Əhmədovun səsi eşidilir. O, da resessiyadan deyil, iqtisadi böhranın nəticələrindən danışır. Əslinə qalsa, bu dəqiqə resessiyanın qarşısını almaq üçün hökumət operativ tədbirlər görməlidir. Əfsuslar olsun ki, gözə dəyən heç nə yoxdur. Belə çıxır ki, Azərbaycanda sanballı iqtisadçı yoxdur. Düşünəndə ki, niyə yoxdur? Cavab bir mənalı olur -“narxozu” qurtarmışlardan nə gözləyirsən? Bir məzunu deyə bilərmi ki, pulsuz oxuyub? Ancaq məsələnin nə qədər ciddi olduğunu biz anlamalıyıq, çünki Azərbaycan dövlətini gücləndirməli olan iqtisadiyyatın darmadağın olduğunu görürük. Bir şey də aydındır ki, ölkə iqtisadiyyatı və bank işi səriştəsiz, həm də tamahkar adamların əlindədir. Və onlar tamah və bacarıqsızlıqları nəticəsində ölkənin axırına çıxırlar...
-Bəs ölkə prezidenti nə düşünür, görəsən? Görünür, Prezidentin baş verən hadisələrə müsbət təsir etməsi üçün əlində daha səmərəli idarəçilik mexanizmi olmalıdır ki, İlham Əliyev resessiyanı Nazarbayev kimi aradan qaldırsın. Axı bu inflyasiyaya və yaxud pul kütləsinin artmasına gətirib çıxara bilər?
- Bu, müəyyən dərəcədə belədir. Hətta deyərdik ki, cüzi inflyasiya ola bilər. Ancaq ölkəni iqtisadi kollapsdan qurtarmaq üçün düzgün yol budur. Yadınıza Türkiyəni salın. Bir vaxt Türkiyədə bir dolların dəyəri 1 milyon lirəyə yaxın idi. Məgər bundan Türkiyə respublikası əziyyət çəkirdi? Devalvasiya lirəni öldürürdü. Resessiya olmasın deyə, Türkiyə hökuməti emissiya siyasətini həyata keçirtdi. Yəni Prezident N.Nazarbayevin etdiyini edirdi. Daha düzünü desək, indi Nursultan Nazarbayev Türkiyənin etdiyini edir. Biz niyə etmirik? Axı bu, ən düzgün siyasətdir. Resessiyanın tüğyan etməsi, əlbəttə ki, heç də iqtisadiyyatımızın sağlamlaşmağa getdiyini göstərmir. Fikir verin, xarici ticarət heçə enib. Deməli, daxili ticarət də böhran içindədir, mallar satılmır, ölkədən xaricə çıxarılan, yəni, idxal olunan malların sayı azalıb. Neftin qiymətinin aşağı enməsindən itirilən məbləği, qeyri-neft sektoru yerinə qoya bilmir. Banklardakı özbaşınalıqlar və süni dollar qıtlığı yaradılması, iqtisadi ajiotaj və s. Ən əsası, Qərbin Azərbaycana ciddi təzyiqləri son nəticədə hakimiyyətin öz başında çatlayır. Böhranın gərginləşdiyini görən iqtidar daxilindəki qüvvələr arasında, aydındır ki, hakimiyyət davasının da qalxacağı gözlənilir. Bu, Azərbaycanı qarşısına çıxan gerçək reallıqdır. Azərbaycan Prezidenti İ.Əliyevun referenduma getməsi səbəbini də bunda görürük. Azərbaycana operativliyi təmin edəcək dövlət strukturu lazımdır və bunu yeni yaradılacaq aparat həll etməlidir. Belə çıxır ki, həm ölkəni, həm də iqtisadiyyatı daha effektli idarə etmək üçün zərurət yaranır və referendum bu zərurətdən irəli gəlir...
-Tahir müəllim, bəs referendumda prezident seçilmək üçün yaş həddinin 35-dən 30-a, deputat seçilmə həddinin isə 25-dən 18-ə endirilməsi ilə bağlı dəyişikliklərin iqtisadiyyata necə dəxli var?
-Seçkilərdə yaş həddinin aşağı endirilməsinin də iqtisadiyyatla sıx əlaqəsi var. Çünki seçki həddini aşağı endirməklə biz bu və ya digər şəxsiyyətin daha gənc və enerjili ikən seçilmə imkanı olduğunu göstəririk. Yəni hər hansı vətəndaşın deputat, yaxud prezident seçilməyə namizədliyi, onun ölkəsində siyasi proseslərə təsiretmə imkanlarından xəbər verməklə gələcəkdə siyasi səhnədə yeri olduğuna dəlalət edir. Bu nəyə görə lazımdır? Fərz edək ki, 18 yaşlı fərd bu və ya digər ölkə ilə kontrakt bağlayarkən onun siyasi imkanları da nəzərə alınır. Bundan əlavə, 18 yaşlı vətəndaşın ölkə daxilindəki iqtisadi imkanlarını artırır. Onun vəzifə tutmasında və idarəçiliyə cəlb olunmasında yaş senzini aradan götürür. Daha doğrusunu desək, potensial imkanlarını artırır. Eyni ilə Prezidentliyə yaş həddinin azaldılması da bu nöqteyi-nəzərdan məqsədəuyğundur...
-Bunlar doğrudan da, belədirsə, deməli, Prezident ölkəni daha effektli idarə etmək üçün yollar axtarır?
-Effektli idarəçilik isə, ilk növbədə, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun sürətli inkişafını təmin etməlidir, çünki Prezident hələ ötən il neftin olmamasını bəyan etmişdi. Fikir verin, Prezident İlham Əliyevin son illərdəki Fərmanlarına. Onlar Azərbaycanda vaxtilə mövcud olan iqtisadiyyatı bərpa etməyə yönəldilmişdir. Həmin fərmanların icrasından ölkənin özü-özünü təmin etməsi asılıdır, yəni özü-özünü dolandırması. Bir reallıq da budur ki, əgər biz bunu etməsək, ölkəmizi başqa ölkənin satellitinə, yəni oyuncağa çevrilə bilərik. Bu isə Azərbaycanın sonu deməkdir. Odur ki, nəyin bahasına olursa-olsun, ölkədə stabilliyi saxlamaq və ölkənin inkişafına mane olan qüvvələri dövlət idarəçiliyindən uzaqlaşdırmaq lazımdır. Bu funksiyanı isə ancaq Prezident icra edə bilər.
-Referenduma qarşı çıxanlar belə iddia edirlər ki, yeni bürokratik strukturlar yaradılması Azərbaycan büdcəsindən maliyyələşdirilənlərin sayını artıracaq. Referendum nəticəsində yaradılacaq yeni strukturlar, doğrudan da ölkəyə nəsə verə bilərmi?
-Əlbəttə verə bilər. İlk növbədə yeni inkişaf tempi. Çünki ölkəni düşdüyü bəladan qurtarmaq üçün operativ idarəçilik lazımdır. Mövcud olan strukturlar demək olar ki, işləmir. Söylənilən fikirlə razılaşmaq olmaz. Çünki yeni strukturlar effektiv işləməyən strukturları əvəz etməli və onların funksiyalarını öz üzərinə götürməlidir. Məsələn? Götürək Nazirlər Kabinetini. Hamıya aydındır ki, onun işi qeyri –effektivdir. Ölkədə baş alıb gedən resessiyaya qarşı heç bir tədbir görmur, konkret olaraq iqtisadi böhranın qarşısını ala bilmir. Ciddi struktur dəyişikləri tələb olunur. Belə olduğu halda, referendumdan sonra yaradılacaq strukturlar NK-nın funksiyasını öz üzərinə götürməlidir. Bundan əlavə, bu strukturlar daha operativ olmalıdırlar...
-Hansı mənada?
-Baş verə biləcək iqtisadi təlatümlərdən qorunmaq üçün operativ reaksiya verib ciddi , qabaqlayıcı tədbirlərin görməlidirlər. İnanırıq ki, Prezidentin ətrafında bundan sonra iqtisadiyyatı dərin bilən analitiklər olacaq və əvvəlcədən bu və ya digər sahənin işini planlaşdırıb proqnozlaşdıracaqlar. Bu o deməkdir ki, Azərbaycanın bir qəpik pulu boş-boşuna xərclənməyəcək, əksinə, gəlir gətirən sahələrə yönəldiləcək...
-Tahir müəllim, ölkə rəhbərliyi də dəfələrlə rüşvətxorluq və nazir, icra başçısı, məmur bürokratiyası haqda danışıb, bunu haqda ölçü götürüldüyünü bəyan edib. Siz, referendumdan sonra yaradılacaq yeni strukturların effektiv işləyəcəyi barədə nə deyə bilərsiniz?
-Yeni strukturların yaranması belə şəraitdə vacibdir. Bunu yaratmaqla Azərbaycan Prezidenti qarşısına müəyyən məqsədlər qoyub. Əlbəttə, o, bu ölkədəki neqativ halları aradan qaldırmalıdır. Odur ki, Prezident referenduma gedir. ASAN xidməti də yeni strukturlartdandır. Bu strukturda ruşvət, süründürməçilik yoxdur. Bu da müəyyən qədər Azərbaycan vətəndaşlarını bürokratizmdən və rüşvətdən xilas edib. Bizə elə gəlir ki, yeni strukturlar köhnə strukturları özündə birləşdirməklə və yaxud idarə etməklə, bürokratik aparatda reformasiya aparaca və oradakı lazımsız strukturları azaldacaq, ASAN xidmətdəki kimi rüşvətxorluğu aradan qaldıracaq. Məqsəd də elə budur. Yeni strukturların effektiv olacağına ASAN xidmətin effektiv işi də ümid verir...
-Sizcə, Azərbaycanda keçiriləcək növbəti referendumun nəticəsi də öncəki səsvermə kampaniyaları kimi iqtidarın planlaşdırdığı qaydada olacaq?
- Referendumun nəticəsi hər şeydən əvvəl xalqın orada iştirakından və məsələlərə münasibətindən asılıdır. Xalq ortaya qoyulan dəyişikliklərə “yox” da deyə bilər. Odur ki, əvvəlcədən, nəticənin necə olacağını desək də, hər halda hər şey xalqımızın iradəsindən asılıdır. Xalq referendumu qəbul edib seçkiyə gedirsə, deməli Prezidentin Konstitusiyanı dəyişməsi ideyasını dəstəkləyir...
Sultan Laçın