Xəbər verdiyimiz kimi Şəkidə ənənəvi Üzüm Yığımı Festivalı keçirilir. Üzümçülük və şərabçılıq ənənələrinin, milli mətbəxin və musiqinin bir araya gəldiyi festivalda hazırda rəngarəng tədbirlər təşkil olunur.
Modern.az xəbər verir ki, Festival proqramına uyğun olaraq günün ilk hissəsində qonaqlar “Şəki Şərab” fabrikini ziyarət ediblər.
Burada əvvəlcə Şərab Muzeyinə baxış keçirilib. Muzeydə nümayiş olunan eksponatlarla tanışlıq zamanı Şəkidə şərabçılığın tarixi, istehsal prosesi və bu sahə ilə bağlı ənənələr barədə məlumat verilib.
Muzey ziyarətindən sonra qonaqlar fabrikdə şərabçılıq məhsullarının ən seçmə nümunələrinin təqdim olunduğu dequstasiyada iştirak ediblər. Müxtəlif yerli şərabların dadına baxılıb, məhsullar haqqında ətraflı məlumat əldə olunub.
Tədbirin əsas hissəsində üzüm yığımının başlanmasını simvolizə edən mərasim keçirilib. İlk üzüm salxımı kəsilib, məhsula xeyir-dua verilib, qonaqların iştirakı ilə üzüm presə tökülüb və üzüm bağlarında simvolik məhsul yığımı həyata keçirilib.
Festival zamanı “Sheki Wines” rəhbərliyinin nümayiş etdirdiyi qədim adət də diqqət çəkib. Belə ki, yığılan üzüm səbətlərinin üzərinə şərab açılaraq tökülüb. Bildirilir ki, bu, qədimdən gələn və bolluq-bərəkət gətirdiyinə inanılan bir adətdir. Şərabın üzümün üzərinə tökülməsi yeni şərabçılıq ilinin uğurlu və məhsuldar keçməsi arzusu ilə əlaqələndirilir.
Festivalda musiqili əyləncə proqramı da təşkil olunub. Musiqi qrupları, milli rəqs və folklor kollektivlər çıxışları ilə tədbirə xüsusi rəng qatıblar. Axşam saatlarında isə konsert proqramının keçirilməsi, qədim məhsul bayramı ənənələrini canlandıran aktyorların iştirakı ilə təntənəli teatr yürüşünün təşkili, ardınca atəşfəşanlıq və DJ proqramının keçirilməsi nəzərdə tutulub.
Hazırda isə festival ərazisində şərab və milli mətbəx nümunələrinin satışı həyata keçirilir. Ziyarətçilər müxtəlif çeşiddə şərablarla yanaşı, Azərbaycan milli mətbəxinə aid yeməklərdən də dadmaq imkanı əldə edirlər.
Qeyd edək ki, Üzüm Yığımı Festivalı bölgənin üzümçülük və şərabçılıq ənənələrini, milli mətbəxini və mədəni irsini bir arada təqdim edir. Festival həm yerli sakinlərin, həm də Şəkiyə gələn qonaqların böyük marağına səbəb olub.
Nicat Rüstəm