Modern.az

“Müsəlman Birliyi”nin növbəti məhkəməsi oktyabrın 5-də olacaq

“Müsəlman Birliyi”nin növbəti məhkəməsi oktyabrın 5-də olacaq

Aktual

3 Oktyabr 2016, 17:48

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı şahid və zərərçəkmiş Firuz Mehdiyev təqsirləndirilən şəxslərin vəkillərinin suallarını cavablandırıb.

 

O bildirib ki, hadisə zamanı təqsirləndirilən şəxslərdən Əbülfəz Bünyatovu zərərsizləşdirib: "O, yaralı idi, qaçmaq üçün əl-qol atırdı. Orada qadın və uşaq görməmişəm".

Təqsirləndirilən Aqil İsmayılov deyib ki, istintaq zamanı onu müstəntiq dindirəndə F.Mehdiyev də orada olub. Onun sözlərinə görə, F.Mehdiyev ona təzyiqlər edib.

 

F.Mehdiyev isə təqsirləndirilən şəxsin yalan danışdığını vurğulayıb: "Ola bilər Aqil məni kiminləsə səhv salıb".

Vəkil Yalçın İmanov "sizin idarədə sənə oxşayan başqa kimsə var" sualını verib. O isə bildirib ki, idarədə ona oxşayan bir neçə əməkdaş var, lakin onların adını deməyib.

 

Hakim deyib ki, şahid məhkəmədə verilən suala cavab vermədiyi üçün onun barəsində tədbir görüləcək.

F.Mehdiyev şikayətinin və tələbinin olmadığını söyləyib.

 

Günün ikinci yarısında davam etdirilən Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili şahid və zərərçəkmiş Mehman Teymurov ifadə verib.

O bildirib ki, qrup rəhbəri Kərim Əlimərdanovun rəhbərliyi ilə Nardaranda əməliyyat keçirilib: "Nardaranda əməliyyatdan əvvəl 15 dəqiqə gözlədik. Həyətə girəndə isə atışma başladı. Onlara xəbərdarlıq elədik ki, atəşi dayandırsınlar. Lakin buna əməl etmədilər. Təqsirləndirilən şəxslərdən Abbas Tağızadəni zərərsizləşdirdim Onun əlində beşbarmaq, qumbara və avtomat var idi. O, üzərimizə Taleh Bağırovla bağlı şüarlar səsləndirə-səsləndirə gəlirdi".

 

Şahid M.Teymurov mənəvi zərər çəkdiyini və heç bir tələbinin olmadığını deyib.

Təqsirləndirilən A.Tağızadə vurğulayıb ki, hadisə zamanı onu başqası tutub: "Həmin şəxs ucaboy idi".

 

Məhkəmənin növbəti prosesi oktyabrın 5-nə təyin edilib.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı