“Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini ciddi şəkildə dəstəkləyir. Hazırda ATƏT-ə sədrlik edən Almaniya Minsk qrupunun üzvüdür. Şübhəsiz ki, Almaniya münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesinin yenidən başlamasına səy göstərir”. Modern.az saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab bildirib.
Səfir qeyd edib ki, bu yay ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Azərbaycanda olub: “Nazir də qətiyyətlə bildirdi ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Biz anlayırıq ki, hazırkı vəziyyətdə status-kvo qəbuledilməzdir. Biz tərəflərin hər biri ilə daim əlaqədəyik və onları məqsədyönlü danışıqlara cəlb etməyə çalışırıq ki, münaqişə öz həllini tapsın, həmçinin münaqişə bir də alovlanmasın".
Səfirin sözlərinə görə, Almaniya şirkətləri Azərbaycanı iqtisadiyyatın diversifikasiyası istiqamətində dəstəkləməyə hazırdır: “Almaniyanın kiçik və orta biznes müəssisələri artıq dünyada məşhurdurlar. Onlar üçün ticarət palatasının olması çox vacibdir. Bununla da işgüzar dairələr arasında əlaqələr genişlənir. Beləliklə biz dayanıqlı və uzun sürən münasibətləri inkişaf etdirə bilərik. Bu həmçinin ticari əlaqələrin və ticarət həcminin inkişafına gətirib çıxaracaq. Digər tərəfdən də iqtisadiyyatın şaxələnməsinə öz töhfəsini verəcək. Bu gün də Cənubi Qafqaz ölkələri arasında Azərbaycan Almaniyanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan Rusiyadan başqa MDB ölkələri içərisində Ticarət Palatasının olduğu yeganə ölkədir. Ölkələr arasında münasibətlərimiz mədəniyyət və təhsil sahələrində də davam edir. Azərbaycanlı tələbələr təhsil almaq üçün Almaniyaya gedirlər. Bu münasibətlər gələcəkdə daha da inkişaf edərək əlaqələrimizin möhkəmlənməsinə xidmət edəcək".
Modern.az