Modern.az

Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilib

Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilib

Aktual

4 Oktyabr 2016, 22:32

Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində, eləcə də, ölkəmiz coğrafi baxımdan  Avropa və Asiya arasında yerləşir. Əlbəttə ki, bu coğrafi yerləşmə  Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynayıb. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və təhlükəsizlik şəraitində bir ailə kimi yaşayıblar. Son vaxtlar təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər baş qaldırıb ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Təəssüflər olsun ki, müasir dövrdə biz daha çox bu barədə danışmalı olur və bu gün dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyin şahidi olur və bunu xalqların dinc şəraitdə bu cür təhlükələrlə qarşılaşdığını görürük.

Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması bu gün dünya üçün artıq bir nümunədir. Bu baxımdan Azərbaycanın nümunələri öyrənilməklə bir sıra addımlar atılıb.  Mədəniyyətlərarası və dinlərarası dialoqla əlaqədar son illər Azərbaycanda bir sıra mühüm əhəmiyyətli tədbirlər keçirilmiş, beynəlxalq elmi konfranslar, genişmiqyaslı forumlar təşkil edilibr. Mötəbər beynəlxalq qurumların öz tədbirlərini respublikamızda keçirməsi ölkəmizin Avropa mədəniyyəti ilə İslam mədəniyyəti arasında körpü rolunu oynadığını təsdiqləyir. Məhz, 2008-ci ildə də “Bakı prosesi” ölkəmizin  təşəbbüsü ilə başlamış və bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı prosesi”nə daxildir. Nəticədə, iki sivilizasiya arasında dialoqun yüksək səviyyədə təşkil edilməsində mühüm rol oynayan Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu getdikcə yüksəlib.

Bununla yanaşı, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilən Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib.

Belə ki, 2011-ci, 2013-cü, eləcə də 2015-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları yüksək səviyyədə təşkil olunub və bu sahədə Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırılıb. Bakıda keçirilən üç  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış ediblər  və bu mühüm tədbirlər ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Eyni zamanda, bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir. Forumda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunub, dialoqa yönələn maneələr nəzərdən keçirilib və onun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə müzakirə edilib. Bununla yanaşı, dünyanın bütün qitələrindən gəlmiş insanların təmsil olunduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, mədəniyyət məsələləri üzrə ekspertlər və tanınmış ziyalılar iştirak ediblər.

Bununla yanaşı, son illərdə “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumuna, Madrid Klubunun toplantısına, Birinci Cənubi Qafqaz Forumuna, BMT-nin VII İnternet İdarəçilik Forumuna, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assamleyasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan artıq Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli mərkəzlərdən biri kimi qəbul olunur. Bundan əlavə, ölkəmiz III Qlobal Açıq Cəmiyyətlər Forumununda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında,  ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak ediblər. Bundan əlavə, “Bakı-2015” ilk Olimpiya Oyunları idman tarixində yeni maraqlı səhifə açıb. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Eyni zamanda, bu Oyunlar Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı oub. Məlumdur ki, 2017-ci ildə Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi edəcək. İki il ərzində hər iki mühüm idman bayramının Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir.

Bütün bunlarla yanaşı, 2011-ci ildən başlayaraq hər il ölkəmizdə Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. İndiyə qədər reallaşan beş mühüm Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını alıb.

2016-cı il oktyabrın 29-30-da keçirilən və 80-dən çox ölkədən 400-ə yaxın tanınmış elm, mədəniyyət xadiminin, Nobel mükafatı laureatlarının iştirak etdiyi V Bakı Beynəlxalq Humanitar Forumunda qeyd olunub ki, bu sahədə məsələlərin müzakirəsi üçün Bakıda mütəmadi olaraq unikal tribuna, platforma imkanı yaradılır və multikulturalizm nümunəsi olan Azərbaycan ziyalılarının mülahizələri də böyük marağa səbəb olub. Ümumiyyətlə, ölkəmizdə  keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin  və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və digər aktual problemlər geniş müzakirə olunub.

Bununla yanaşı, V Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin məqsədlərindən danışaraq Azərbaycanda multikulturalizmin inkişafını yüksək qiymətləndirib: “...Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər”.

Müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəsini verdiyini diqqətə çatdıran dövlət başçısı Azərbaycanda aparılan siyasətin bu müsbət meyilləri gündəlik həyatda gücləndirdiyini bildirib: “...Bu məqsədlə 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdik və birgə sessiya keçirilmişdi. Bu, dünyada çox böyük əks-səda yaratmışdı. Bizim bu sahədəki fəaliyyətimiz yüksək qiymətə layiq görüldü və bu görüşə, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. 2009-cu ildə isə biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini qəbul etdik və bu görüşə Avropadan mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, bizim təşəbbüsümüzlə çox önəmli yeni bir proses başlamışdır. Biz əlbəttə, çox fəxr edirik ki, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulubdur”.

I Bakı Beynəlxalq Humanitar Forumunu təşkil olunanda dünyada hələ bu gün mövcud olan təhlükələrin olmadığını bildirən Azərbaycan Prezidenti son bir neçə il ərzində  həm bizim bölgədə, Yaxın Şərqdə, Avropada, digər yerlərdə çox təhlükəli, narahatedici hadisələrin baş verdiyini diqqətə çatdırıb: “...Qanlı toqquşmalar, müharibələr, bəzi ölkələr tamamilə dağıdılıb, yüz minlərlə günahsız insan həlak olub, milyonlarla, on milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşüb. Bu, öz növbəsində bundan əziyyət çəkən ölkələrdə radikalizm meyillərini gücləndirir”.

Eyni zamanda, belə qlobal miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən dövlət başçısı İlham Əliyev V Bakı Beynəlxalq Humanitar Forumda vurğulayıb  ki, humanitar əməkdaşlığa, humanitar məsələlərin həllinə həmişə böyük diqqət göstərməyimizə baxmayaraq, xalqımız və dövlətimizin uzun illərdir humanitar fəlakətlə üzləşib: “Bizim tarixi əzəli torpağımız Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon Ermənistan tərəfindən işğal edilib, günahsız insanlar qətlə yetirilib, xalqımıza qarşı hərbi cinayət, Xocalı soyqırımı törədilib. Xocalı şəhərində soyqırımı nəticəsində 613 dinc insan qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü uşaqdır. Bütün bu erməni vəhşilikləri sənədləşdirilib, videomateriallar, fotomateriallar, şahidlərin ifadələri var. Artıq dünyanın on ölkəsi Xocalı soyqırımını soyqırımı kimi tanıyıb.İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerlə-yeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə-yeksan ediblər. Fərq bundan ibarətdir. Erməni faşizmi böyük fəlakət törədib və günahsız insanlar bu gün də erməni siyasətindən əziyyət çəkirlər”.

Bundan əlavə, Azərbaycan dövlətinin yürütdüyü tolerantlıq siyasətinin daha da genişlənməsi və möhkəmlənməsi, tolerantlıq mühitinin qorunub saxlanılması və təşviqi məqsədilə dövlət başçısı İlham Əliyev bir sıra mühüm tədbirlər həyata keçirib. Bunun başlanğıcı olaraq, 2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti yaradılıb. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq dövlət başçısı 2014-cü il  mayın 14-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev  2015-ci il mayın 18-də Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı nitqində bu barədə bildirib: “Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi. Multikulturalizmin alternativi yoxdur... Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək”.

Beləliklə, multikulturalizm hazırda Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual göstəricilərinin artıq formalaşdığını təsdiqləyir. Bu il aprelin 25-27-də BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu da dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Digər tərəfdən, bu, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir. Müasir dövrdə Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatı və xarici siyasətin prioritet vəzifələrindəndir. Çoxmillətli və çoxkonfesiyalı respublika olan Azərbaycanın milli siyasəti bütün etnik qruplar, o cümlədən, milli azlıqlar üçün şəraitin təmin edilməsi və yaradılmasıdır. Ölkəmizdə multikulturalizm artıq Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist  dəyərlərə söykənən davamlı və ardıcıl siyasi kursudur.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın oktyabrın 30-da yəhudi icmasına təbrikində deyildiyi kimi, “Yüz illərdir ölkəmizdə məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudilər Azərbaycanda heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmamış, tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlığın, multikultural mühitin hökm sürdüyü çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində yaşayaraq dil və mədəniyyətlərini, milli-mənəvi adət-ənənələrini günümüzə qədər qoruyub saxlayıblar... Məmnuniyyət hissi ilə onu da qeyd etmək istərdim ki, yəhudi əsilli vətəndaşlarımız bu gün müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, elmi-mədəni həyatında, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirir”.

Bununla yanaşı, Azərbaycanda mövcud olan multikulturalizm mühiti bir sıra beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilmiş və bu məsələdə ölkəmizin təcrübəsinin öyrənilməsi vacib hesab edilib. Mühüm məsələlərin müzakirə edildiyi, müzakirələrin aparıldığı Forum çərçivəsində ictimai-siyasi xadimlərin, beynəlxalq ekspertlərin də qeyd etdiyi kimi, Azərbaycan dünya mədəniyyətləri, dinləri arasında körpü rolunu oynayır. Ölkəmizin yüzilliklərə söykənən şərəfli tarixi və müstəqilliyimizi yenidən bərpa etdikdən sonrakı dövrləri bir daha göstərir ki, həqiqətən də Azərbaycanın sivilizasiyalararası dialoqun qurulmasında təşəbbüskarlığı ələ almağa mənəvi haqqı vardır. Çünki tarixi mədəniyyət abidələrinin, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən və dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması və dini ehtiyaclarının təmin olunması – bütün bunlar Azərbaycanın dini-mənəvi mühitini əks etdirən real göstəricilərdir. Eyni zamanda, mədəniyyətlərarası dialoq barışdırıcı amil kimi çıxış edərək, müharibə və münaqişələrin qarşısını almaqla inam və qarşılıqlı etimad  yaratmaqda böyük təsirə malikdir. Aparılan müşahidələr, həyata keçirilən tədbirlər də göstərir ki, ölkəmiz dinlərarası və mədəniyyətlərarası dialoqa artıq öz töhfəsini verməkdədir.

Ümumiyyətlə, ölkəmizdə keçirilən tədbirlərin məqsədi xalqlar, dövlətlər və sivilizasiyalar arasında dialoq imkanlarını genişləndirmək, cəmiyyətdə sülh, əmin-amanlıq və dözümlülük mühitini inkişaf etdirmək, müasir dünyamızda müzakirə olunan inkişaf modelləri ətrafında fikir mübadiləsi aparmaq, milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəməkdən ibarətdir. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda münaqişələrin artması tendensiyasının müşayiət olunması, xüsusilə də, islamafoboya kimi təhlükəli meyllərin bir sira dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.

Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda  sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli  tərəfdaş hesab  edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.

 

Elçin ƏHMƏDOV

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq

münasibətlər və xarici siyasət” kafedrasının dosenti, syasi elmlər doktoru,

“Azərbaycan  Respublikası Dağlıq Qarabağ

bölgəsinin azərbaycanlı  icması” İctimai Birliyinin

Əlaqələndirmə Şurasının Sədri

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı