Modern.az

Novruz Məmmədov ideya verdi, “beyin mərkəzi” isə... - FOTO

Novruz Məmmədov ideya verdi, “beyin mərkəzi” isə... - FOTO

Aktual

6 Oktyabr 2016, 11:19

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə" məqalələr toplusu çapdan çıxıb.

 

Modern.az xəbər verir ki, mərhum dövlət xadimi, keçmiş dövlət başçısı Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqil dövlətçiliyimizin xarici siyasət konsepsiyası ilə bağlı dəyərli fikirləri ilə başlayan toplunun ideya müəllifi  Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur. 

 

"Müstəqil Azərbaycanın 25 ili" başlıqlı geniş "Ön söz əvəzi" ilə oxucu auditoriyasına təqdim olunan bu topluda 49 dövlətin Azərbaycana akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin, həmçinin BMT, Avropa İttifaqı, TürkPA və TRASEKA kimi beynəlxalq qurumların Bakıdakı nümayəndəliklərin rəhbərlərinin təmsil etdikləri ölkələrin və qurumların Azərbaycanla əlaqələrinin 25 illik tarixinə, əldə olunan nəticələrin qiymətləndirilməsinə, münasibətlərin perspektivlərinə həsr olunmuş məqalələr toplusu Azərbaycan və ingilis dillərində təqdim olunub.

Heç bir kateqoriyaya daxil edilmədən, ölkələrin adlarının əlifba sırasına əsasən düzülmüş məqalələrdə Azərbaycanın xarici siyasəti, ikitərəfli münasibətlər geniş şəkildə təsvir edilmiş, keçilmiş yolun çətinlikləri, nailiyyət və uğurları, həmçinin perspektivləri haqqında məlumat verilib.

 

Məqalələrin əksəriyyətinin ana xətti budur ki, mürəkkəb geosiyasi regionda yerləşməsinə və çətin inkişaf yolu keçməsinə baxmayaraq, bu gün Azərbaycan dünya birliyinin müstəqil siyasi subyekti kimi balanslaşdırılıb.

Çoxvektorlu əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlara əsaslanan xarici siyasət həyata keçirir.

 

Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin yaradıcılıqla və uğurla davam etdirdiyi müstəqil dövlətçiliyimizin xarici siyasət konsepsiyası Azərbaycanın regionun lider dövlətinə, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevrilməsinə imkan yaradıb. Artıq Azərbaycan istər regional və qlobal təhlükəsizliyin təmin edilməsində, istərsə də enerji təhlükəsizliyinə nail olunmasında etibarlı, stabil tərəfdaş kimi qəbul olunur.

 

Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin tərtib etdiyi və ölkəmizin 25 illik müstəqillik tarixinə dəyərli töhfə olan bu toplu yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən nəşr edilib.  

 

Aqşin Kərimov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı