Modern.az

Bakıda tələbələr üçün 1000 yerlik yataqxana tikilir

Bakıda tələbələr üçün 1000 yerlik yataqxana tikilir

Aktual

7 Oktyabr 2016, 23:29

"Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi bir dövrdə Sizin düşünülmüş siyasətiniz nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılır, iqtisadi islahatlar getdikcə dərinləşir, dövlətimizin gücü və beynəlxalq nüfuzu durmadan artır". Modern.az saytı xəbər verir ki, bunu  Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib.

Nazir bildirib ki, 2016-cı ilin doqquz ayı ərzində Azərbaycanın təhsil sisteminin inkişafı davam etdirilib, mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verib: “Son bir il ərzində Təhsil Nazirliyi tərəfindən 2500 şagird yerlik 10 məktəb binası və ailə tipli 1 kiçik qrup evi inşa edilib, 6 internat məktəbində, 2 peşə liseyində, 2 kollecdə, 1 ali məktəbin tədris korpusunda əsaslı təmir, 468 məktəbdə isə əsaslı və cari təmir işləri aparılıb. Cari ilin 9 ayında bütün mənbələr hesabına ümumilikdə ölkə üzrə 29 məktəb tikilib, 485-i təmir edilib.

Cari ildən etibarən 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənəcək. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır. Nazirlər Kabinetinin qərarı ilə bu il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti ildə tələb olunan vəsait ayrılacağı təqdirdə, şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin problemini birdəfəlik həll etmək mümkündür.

Məlumdur ki, məktəbəhazırlıq mərhələsi uşaqların gələcək təhsil nailiyyətlərində müstəsna əhəmiyyət daşıyır. 2014-cü ildə Bakıda pilot layihə kimi başlanan məktəbəhazırlıq qruplarının fəaliyyəti bu ildən ümummilli proqrama çevrilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə cari ildə ölkə üzrə 5 yaşına çatmış uşaqların 55 faizinin məktəbəhazırlığa cəlb edilməsi nəzərdə tutulur. 2020-ci ilədək bu rəqəmin 90 faizə çatdırılması planlaşdırılır ki, bu da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir.

Təhsil müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsinə göstərdiyiniz diqqətin və aparılan islahatların nəticəsidir ki, ümumi təhsilin keyfiyyət göstəricilərində üç il ardıcıl olaraq müsbət dinamika təmin olunur. Belə ki, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunların sayı 50 faizdən 2016-cı ildə 67 faizədək artıb. Bu artım ölkə üzrə əksər rayonlarda, xüsusən əvvəlki dövrdə davamlı olaraq aşağı nəticələr göstərən bölgələrdə də qeydə alınıb. Ötən il oktyabrın 12-də keçirilən iclasda məruzə etmişdim ki, nəticələri orta respublika göstəricilərindən aşağı olan rayonlarda xüsusi layihə həyata keçiriləcək. Ali diqqətinizə məruzə edirəm ki, ötən illə müqayisədə imtahanlarda müsbət qiymət alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz artım müşahidə edilib".

Təhsil naziri vurğulayıb ki, bu irəliləyişlər özünü qəbul imtahanlarında da büruzə verir: "Belə ki, 200-dən çox bal toplayan abituriyentlərin mütləq sayı 34 min 475 nəfər təşkil edib ki, bu da ötənilki göstəricidən təxminən 4 faiz, 2014-cü ildəki göstəricidən isə 9 faiz artıqdır. Son 3 ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayanların sayı isə 32 faiz artıb.

2016-cı ildə mülki ali təhsil müəssisələrinə bütün ixtisas qrupları üzrə rekord sayda – 35 min 304 nəfər tələbə qəbul edilib. Bu göstərici ötən illə müqayisədə 2 min 235 nəfər və ya 6,7 faiz çoxdur. Qəbul olanların sayının yüksəlməsi məktəb təhsilinin keyfiyyətinin və vətəndaşlarımızın şüurunda təhsilin bir dəyər kimi əhəmiyyətinin artdığını təsdiqləyir.

Mürəkkəb iqtisadi şəraitin hökm sürdüyü bir dövrdə Sizin Sərəncamınıza əsasən, müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi 2017-ci ildə də davam etdirilərək, daha 26 rayonu əhatə edəcək və beləliklə, əməkhaqqı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq".

M.Cabbarov deyib ki, görülən tədbirlər pedaqoji fəaliyyətə marağı xeyli artırıb: "Belə bir şəraitdə ümumtəhsil müəssisələrinə direktorların və müəllimlərin işə qəbulu üzrə qaydalar obyektivlik və şəffaflıq baxımından daha da təkmilləşdirilib. İlk dəfə olaraq məktəb direktoru vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş müsabiqə əsasında keçirilib, yerli icra hakimiyyəti orqanlarının rəyi də nəzərə alınaraq 232 nəfər direktor təyin olunub.

Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün rekord sayda – 32 min nəfər elektron ərizə ilə müraciət edib. Həmin rəqəm 2013-cü ildə müəllim olmaq istəyənlərin sayından 2 dəfə çoxdur. Müəllim peşəsinin ictimai statusunun artırılması istiqamətində aparılan siyasət daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradır. Müsabiqənin nəticələrinə görə, 2 min 413 nəfər müəllim adını qazanıb.

Bu il iqtisadiyyatımızın bütün sahələrində idxalın yerli istehsalla əvəz olunması barədə tapşırığın icrası olaraq, məktəblilərə paylanılan 261 adda 6 milyon 623 min nüsxədə dərsliklərin hamısının nəşri ölkəmizdə həyata keçirilib. Eyni zamanda, son üç ildə təhsil müəssisələrinin büdcədənkənar gəlirlərinin 60 faiz artırılmasına nail olunub.

Ümumi təhsil pilləsi üçün elektron resurslardan pulsuz istifadə imkanları genişləndirilib. Hesabat dövründə 143 dərslik və metodik vəsait, videodərslər, digər elektron resurslar portala yerləşdirilib. Elektron portaldan istifadə edənlərin sayında artım müşahidə olunub. 2016-cı ilin birinci yarısında portala daxilolmaların ümumi sayı 750 min, cəmi kitab yükləmələrin sayı isə 350 minə çatıb".

M.Cabbarov əlavə edib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış və hazırda 12 ali təhsil müəssisəsinin iştirak etdiyi “Maarifçi” Tələbə Kredit Fondu aztəminatlı ailələrdən olan tələbələrə ilk təhsil kreditlərini təqdim edib: "Layihənin innovativliyi ondan ibarətdir ki, Fond dövlət büdcəsindən vəsait cəlb etmədən həmin kreditləri maliyyələşdirir.

Bakıda yerləşən ali təhsil müəssisələrində təhsil alan tələbələrin ehtiyacı nəzərə alınaraq, Heydər Əliyev Fondunun dəstəyi ilə bütün dövlət ali məktəblərinin tələbələri üçün 1000 yerlik yataqxananın tikintisi həyata keçiriləcək. Artıq bununla bağlı layihələndirmə işlərinə başlanılıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində cari ilin yanvarında Ukrayna və İsraildən olan tərəfdaş qurumların iştirakı ilə açılan Startap məktəbinin artıq ilk buraxılışı olub. Layihənin məqsədi Azərbaycanda Startap hərəkatına töhfə vermək, gənclərin innovativ ideyalarının biznes həllini tapmasına dəstək olmaqdır. Startap məktəblərinin əhəmiyyəti ondan ibarətdir ki, onlar məzunlarda “iş yerini tutmaq” deyil, “iş yerini yaratmaq” psixologiyasını formalaşdırır.

Digər ali məktəbimiz - Azərbaycan Dövlət İqtisad Universiteti “QS” beynəlxalq reytinq agentliyinin hazırladığı Şərqi Avropa və Mərkəzi Asiya regionunun universitetlərinin reytinqində 30 ölkənin iqtisadyönümlü universitetləri arasında dördüncü yeri tutub. Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi ilə aparılan danışıqlar əsasında bu universitetin Dərbənd filialı müddətsiz lisenziya alıb.

Təhsil Nazirliyi elmi məlumatların təqdim olunması və təhlili sahəsində dünyada lider olan “Thomson Reuters” şirkəti ilə əməkdaşlıq Sazişi imzalayıb. “Thomson Reuters”lə əməkdaşlıq ali təhsil müəssisələrimizə və alimlərimizə dünya elminin məlumat bazası ilə işləmək, nəşrlərini yerləşdirmək üçün geniş şərait yaradır. Bununla yanaşı, müxtəlif ölkələrin tədqiqatçıları ilə əlaqələr qurmaq, istənilən elm sahəsi üzrə inkişaf tendensiyalarını müəyyənləşdirmək, beynəlxalq elmi dairələrdə tanınmaq və qlobal universitet reytinqlərində yüksəlmək imkanı verəcək”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı