Modern.az

“Süni qiymət artımına yol verilməməlidir”

“Süni qiymət artımına yol verilməməlidir”

Aktual

7 Oktyabr 2016, 23:53

“Süni qiymət artımına yol verilməməlidir, çox ciddi nəzarət olmalıdır. Həm ictimai nəzarət, həm dövlət orqanları tərəfindən nəzarət daha da güclü olmalıdır. Çünki biz imkan verə bilmərik ki, hansısa natəmiz insanlar, möhtəkirlər qiymətləri süni şəkildə qaldırsınlar və beləliklə, insanlarımız bundan əziyyət çəksin”. Modern.az saytı xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vurğulayıb.

Prezident qeyd edib ki, əgər dünya bazarında Azərbaycanda istehsal olunmayan hansısa malın qiyməti artırsa təbii ki, bizdə də artacaq: “Ona görə, biz çalışmalıyıq ki, idxaldan asılılığı maksimum səviyyədə azaldaq, yəni, minimum səviyyəyə endirək. Eyni zamanda, daxildə istehsal olunan ərzaq məhsullarının tərkibində xarici komponent də var. Biz o komponenti də azaltmalıyıq. Bu istiqamətdə işlər gedir. Biz daxili bazarı qorumaq üçün gətirilən bəzi mallara rüsumları bu yaxınlarda artırdıq. Bu, çox düzgün addımdır. Biz öz daxili istehsalçımızı qorumalıyıq. Ancaq daxili istehsalçı bundan sui-istifadə etməməlidir. Çünki insanlar üçün seçim olacaq, ya yerli məhsul alacaq, ya da xarici məhsul. Ola bilər ki, xarici məhsul insanın daha çox xoşuna gəlsin, amma qiyməti daha baha ola bilər. Yerli məhsul isə xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olmalıdır”.

Dövlət başçısı bildirib ki, istehlak bazarına çox ciddi nəzarət olmalıdır ki, bəzi natəmiz sahibkarlar bundan istifadə etməsinlər: “Çünki idxal olunan ərzağın, yaxud hansısa digər məhsulun qiyməti artarsa onlar çalışa bilərlər ki, öz məhsulunun da qiymətini artırsınlar. Yəni, buna yol vermək olmaz. Həm yerli və həm də mərkəzi icra orqanları buna çox ciddi nəzarət etməlidir. Bu məsələlər çox operativ şəkildə həll edilməlidir. Görəndə ki, biz hansısa məhsulla özümüzü tam 100 faiz təmin edirik, dərhal o məhsula rüsum qalxmalıdır. Nəinki bu sahədə, bütün sahələrdə çox operativ, çevik siyasət aparılmalıdır. Bəzi hallarda bürokratik əngəllər bizə böyük problemlər yaradır. Bir məsələ haradasa aylarla razılaşdırılır, rəylər yığılır, vaxt itiririk. Müasir iqtisadi şəraitdə vaxt itirmək pul itirmək deməkdir. Çox operativ iş prinsipi qurulmalıdır və qərarlar da əgər düzgün qərarlardırsa dərhal qəbul edilməlidir”.

Prezident ölkəmizdə tütünçülüyün inkişaf məsələlərinə də toxunub: “Bizim əhali nə qədər az siqaret çəksə, o qədər yaxşıdır. Bunun onların sağlamlığına, ailə büdcələrinə ancaq xeyri olacaq. Ancaq tütünçülüyün inkişafı bizə çox böyük imkanlar yaradacaq. Bu il keçən ilə nisbətən iki dəfə çox tütün istehsal ediləcək. Ancaq əlbəttə ki, bu rəqəm - 2500 ton bizi qane edə bilməz. Biz qısa müddət ərzində quru tütün istehsalını 10 min tona qaldırmalıyıq. Tütünçülüklə 14 rayonda məşğuldurlar. Bilirəm ki, bu yaxınlarda müəyyən edilən subsidiyalar rayon sakinlərini ruhlandırdı və dövlət də öz dəstəyini mütləq verməlidir. Quru tütünün ixracı ilə bağlı ciddi problemlər yoxdur. Ölkələr var ki, onu alırlar, gözləyirlər. Biz oraya daha da çox ixrac etməliyik və Azərbaycanda siqaretin istehsalını artırmalıyıq. Ona görə yox ki, bizim insanlar daha çox siqaret çəksinlər, ona görə ki, xaricdən az gəlsin. Ən çox valyuta xərclənən istiqamətlər taxıldır, siqaretdir, xam şəkərdir və kərə yağıdır. Ona görə biz yerli istehsalı artırmalıyıq və ixracı da təmin etməliyik".

Dövlət başçısı ölkə üçün ənənəvi sahələrdən birinin də üzümçülük olduğunu qeyd edib: "Bizim üçün ənənəvi sahələrdən biri də üzümçülükdür. Sovet vaxtında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınan bağların çoxu əfsuslar olsun ki, qırılıb. O vaxt bu, Qorbaçovun kampaniyası nəticəsində olmuşdur. O da nədənsə ancaq Azərbaycanda olmuşdur. Başqa respublikalarda isə üzüm bağlarını saxlayıblar. Bizdə isə o vaxt burada rəhbərlik edənlər dəridən-qabıqdan çıxırdılar ki, Qorbaçovun xoşuna gəlsinlər və bunun nəticəsində də üzüm bağlarımız ləğv olundu. Eyni zamanda, onu da qeyd etməliyik ki, əfsuslar olsun, ondan sonra da üzümçülüyə lazımi diqqət yetirilməmişdir. Mənə verilən məlumata görə, bu il təqribən 150-160 min ton üzüm yığılacaq. Halbuki sovet dövründə ən yaxşı vaxtlarda 1 milyon 700 min ton-2 milyon ton üzüm yığılırdı. Biz üzümçülüyü mütləq şərabçılıq ilə bağlamalıyıq. Əfsuslar olsun ki, biz dünyanın şərab bazarlarına çıxa bilməmişik. Baxmayaraq ki, bir neçə şərab zavodu tikilib və onlar görünür ya özləri maraq göstərmirlər, ya da imkanları yoxdur. Ancaq biz dünya bazarlarına öz şərabımızla çıxmalıyıq. Necə ki, vaxtilə Rusiya bazarına çıxmışıq. İndi biz, bildiyimə görə, heç Rusiya bazarına da əhəmiyyətli dərəcədə şərab ixrac etmirik. Amma bu, çox gəlir gətirən sahədir, xüsusilə kəndlilər üçün".

Prezident bildirib ki, hazırda yeni üzüm bağları salınır, dinamika müsbətdir: "Ancaq burada dövlət dəstəyi daha da güclü olmalıdır, yerlər müəyyən edilməlidir. Bu, həm məşğulluqdur, həm də ki, valyuta gətirən bir sahədir. Şərabçılıq deyəndə, əlbəttə ki, mən ilk növbədə ixracı nəzərdə tuturam. Şərabçılığın inkişafı ölkədə alkoqollu içkilərin istehlakına səbəb olmamalıdır. Çünki bizim xalqımız sağlam həyat tərzi sürməlidir".

Prezident ölkəmizdə turizm sektorunun da inkişaf etdiyini qeyd edib: “Biz gördük ki, həyata keçirilən tədbirlər və aparılan islahatlar bu il turizmin axınına çox böyük təkan verib. Xüsusilə ərəb ölkələrindən gələnlərin sayı 20-30 dəfə artıb. Yay aylarında bizim otellərin çoxunda boş yer yox idi. Yəni, bu, ölkəmizə böyük valyuta gətirir. Ola bilər bu, bizim üçün yenilikdir. Bəlkə insanlar da buna öyrəşməyiblər. Ancaq bütün inkişaf etmiş ölkələrdə böyük turizm axını müşahidə olunur. Turizm axını o ölkələrin inkişafı, təhlükəsizliyi, xalqlarının qonaqpərvərliyi deməkdir. Bizdə də bunların hamısı var. Xalqımız qonaqpərvərdir, təhlükəsizlik təmin edilir, gözəl tarixi, mənzərəli yerlərimiz və müasir infrastrukturumuz var. Vaxtilə bəziləri deyirdilər ki, Azərbaycanda, Bakıda bu qədər otel tikilir, kimə lazımdır? Artıq biz gördük ki, lazımdır və nə ediriksə düz edirik. Ancaq indiki şəraitdə biz gərək potensial turizm axınını hesablayaq. Çünki biz indi “ASAN viza” sisteminə keçirik. Cəmi 3 gün ərzində elektron vizalar veriləcək. Ona görə turizmin axını daha da güclü olacaq. Hamımız yaxşı görürük ki, “Formula-1” yarışlarının buna nə qədər böyük xeyri oldu. Ona görə, bizim otel infrastrukturu bu inkişafla ayaqlaşmalıdır. Sahibkarlar da bunu eşitsinlər, yerli icra orqanları, Mədəniyyət və Turizm Nazirliyi şərait yaratsın ki, həm Bakıda, həm bölgələrdə otellərin sayı çoxalsın".

Prezident qeyd edib ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq, 2017-ci il də uğurlu olacaq: “Biz bu ilin sonuna qədər qalan bütün vəzifələri icra etməliyik, xüsusilə investisiya layihələri ilə bağlı işlər getməlidir. Dövlət investisiya proqramı icra edilməlidir. Bəzi istiqamətlər üzrə ləngimələr var, bəzi infrastruktur layihələri tam həcmdə icra edilməyib. Ona görə, - ilin sonuna qədər az vaxt qalsa da, - bu məsələlərə çox ciddi diqqət göstərilməlidir.

Mən qeyd etdim ki, biz bu il çox ciddi iqtisadi islahatlar aparmışıq və bu islahatlar artıq öz nəticələrini verməkdədir. İdarəetmə istiqamətində, digər sahələrdə, ixracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq üçün bir çox önəmli qərar və sərəncamlar qəbul edildi, imzalandı. Beləliklə, əminəm ki, gələn il həm idxalın azalması, həm ixracın artırılması istiqamətində çox yaxşı nəticələr olacaq".

İlham Əliyev vurğulayıb ki, apardığımız islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir: "Bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdür. Keçən il biz 40-cı yerdə idik, o da çox gözəl göstəricidir. Baxmayaraq ki, bu il dünyada böhran yaşanır və bizdən də yan keçməyib, Azərbaycan iqtisadiyyatı daha da yüksək qiymət alıb. Otuz yeddinci yerdə olmaq dünya miqyasında çox böyük və hesab edirəm ki, tarixi göstəricidir. MDB məkanında biz həmişə olduğu kimi, birinciyik və bu liderliyi saxlayırıq.

Gələn ilin dövlət büdcəsi müzakirə olunur. Dövlət büdcəmizdə bütün sosial proqramlar öz əksini tapmalıdır. Ümumiyyətlə, gəlirlərimizin azaldılmasına baxmayaraq, biz sosial sahədə tam vəsaiti təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmadı. 2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır və əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır. Biz əvvəlki illərdə dövlət investisiyalarına daha çox üstünlük verirdik. Bu da təbiidir, çünki biz bir çox layihələri, xüsusilə infrastruktur layihələrini icra etməli idik. Əgər biz onları icra etməsəydik, bu gün, ümumiyyətlə, inkişafdan söhbət belə gedə bilməzdi. Nə kənd təsərrüfatı, nə turizm, nə digər sahələr inkişaf edə bilməzdi. Ona görə, dövlət investisiya qoyuluşu xüsusi əhəmiyyət daşıyırdı və biz son illər ərzində bu layihələrin bir çoxunu artıq icra etmişik. Təbii ki, 2017-ci ilin dövlət investisiya proqramı indi hazırlanır və yaxın vaxtlarda mənə təqdim ediləcək. Ancaq biz özəl sektorun investisiyalarını daha da böyük həcmdə cəlb etməliyik".

Prezident bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb: "Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq.

O ki qaldı dövlət investisiya layihələrinə, onlar da nəzərdə tutulur və hesab edirəm ki, bu məqsədlər üçün kifayət qədər vəsait təmin edilməlidir. Yenə də qeyd etməliyəm ki, elektrik enerjisi, qazlaşdırma ilə bağlı əsas infrastruktur layihələri artıq icra edilib. Bir çox kənd yolları, içməli su və kanalizasiya layihələri icra edilib və edilir. Əlbəttə ki, biz həmişə olduğu kimi, sosial infrastruktur layihələrinə böyük diqqət göstərməliyik. 2017-ci ildə biz makroiqtisadi sabitliyə ciddi fikir verməliyik. İnflyasiya birrəqəmli olmalıdır. Hesab edirəm ki, biz bunu təmin edəcəyik".

Dövlətimizin başçısı əlavə edib: "Bir sözlə, artıq 2016-cı il sona yaxınlaşır. Qeyd etdiyim kimi, bu il dünya iqtisadiyyatı üçün, dünya üçün ağır il olmuşdur. Ancaq əminəm ki, Azərbaycan son üç ay ərzində görüləcək işlər nəticəsində 2016-cı ili də uğurla başa vuracaq. 2017-ci il də uğurlu olacaq. Əminəm ki, qarşıya qoyulan bütün vəzifələri icra etmək üçün bizdə kifayət qədər iradə, güc var. Xalq bizim siyasətimizi dəstəkləyir, referendumun nəticələri bunu bir daha təsdiqləyir. Bizim yolumuz açıqdır. Biz bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik".

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı