Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin xanımı Sandra Rulofs Tiflisdə bu ölkənin parlamentinə keçirilən seçkilərdə səs verib.
Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Sandra Rulofs səsvermədən sonra bəyan edib ki, sülhün gücünə səs verib.
"Mən öz səsimi sülhün gücünə verdim ki, artıq sabahdan həmin dinc qüvvə verdiyi sözü yerinə yetirmək üçün işə başlayacaq. Mən əminəm ki, vətəndaşlar seçkidə düzgün seçim edəcəklər", - Sandra Rulofs jurnalistlərə açıqlamasında deyib.
Sandra Rulofs seçkilərə Zuqdidi rayonundan qatılıb. O, seçki siyahısında "Vahid milli hərəkat" partiyasının ikinci şəxsidir.
Gürcüstan MSK-nın məlumatına görə, hələ ki seçkilərdə fəallıq 10% təşkil edib.
Oktyabrın 8-də Gürcüstan vətəndaşları doqquzuncu çağırış parlamentin deputatlarını seçirlər. Parlamentin 100 deputatı proporsional sistem (partiya siyahıları üzrə) üzrə seçiləcək , majoritar (birmandatlı dairələr üzrə) system üzrə isə 50 deputat müəyyənləşəcək.
Əsas mübarizə Saakaşvilinin "Vahid milli hərəkatı" partiyası ilə hakim "Gürcü arzusu - demokratik Gürcüstan" koalisiyası arasında gedir.
Modern.az