Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Seçkilərə 40-a yaxın azərbaycanlı namizədin qatılması xüsusi maraq doğurur.
Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun üzvü, deputat Rasim Musabəyov Modern.az-a açıqlamasında azərbaycanlı namizədlərin seçkilərdəki aktivliyinə münasibət bildirib.
“Gürcüstan parlamentinə keçirilən seçkilərdə azərbaycanlıların namizədliyini irəli sürməsi onların aktivliyindən xəbər verir. Eyni zamanda, parlamentə 3-4 azərbaycanlı deputat seçiləcək. Çünki 150 deputatın içərisində 3-4 azərbaycanlının deputat seçilməsi normaldır. Düşünürəm ki, bundan az olduğu halda, o zaman demokratiyaya cavab verməyən hal baş verə bilər”.
İşçi qrupunun üzvü, bir çox partiyalardan deputatlığa namizədliyini verənlərin şanssız olduğunu dilə gətirib.
“Namizəd irəli sürən bir çox partiyaların Gürcüstan parlamentində təmsil olunmağa heç bir şansı yoxdur. Adlarının siyahıda olması, heç də onların real namizəd olaraq parlamentə keçməsi demək deyil. Namizədlərin çoxluğu və fəallığı seçkilərin nəticələrinə də təsir etməyəcək”.
Deputat, Gürcüstan parlamentində təmsil olunacaq azərbaycanlı deputatların fəallığına da diqqət çəkib.
“Azərbaycanlı deputatların Gürcüstan parlamentində çoxluğu və fəallığı ilk növbədə, orada yaşayan azərbaycanlıların problemlərinin həllinə və iki dövlət arasındakı inkişafın daha da dərinləşməsinə kömək olacaq.
Eyni zamanda, Azərbaycan-Gürcüstan arasında olan münasibətlər parlamentdə əyləşən azərbaycanlıların sayı ilə ölçülmür. İki dövlət arasında sıx münasibətlər mövcuddur. Seçkilərin nəticələrindən asılı olmayaraq, düşünürəm ki, iki dövlət arasındakı münasibətlər daima qorunub saxlanacaq”.
Namidə BİNGÖL