“Bakı Dəmiryolu Vağzalının əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərti ilə, yenidən qurulub. Vağzal binasının daxilində tam yenidənqurma işləri başa çatıb”.
Bu haqda Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
O bildirib ki, bina müasir tələblərə cavab verir:
“Oktyabrın 13-də “Azərbaycan Dəmir Yolları”nın 136-cı il dönümü qeyd olunacaq. Həmin gün binanın açılışı da keçiriləcək”.
N.Əzməmmədov qeyd edib ki, Bakı sərnişin stansiyasında işlər davam etdirilir:
“Stansiyada işlər davam etdirilir. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.
Hazırda Biləcəri, Xırdalanda stansiyalar qururuq. İlin axırında qatarlarımız həmin stansiyalarda da sərnişin qəbul edə biləcəklər”.
Bakı sərnişin stansiyasının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yarandığından 2015-ci ilin mart ayında əsaslı təmir işlərinə start verilib.
XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib.
Vağzal binasının mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olmuş, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.
Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir.
1977-ci ildə Bakı-sərnişin stansiyasında yeni vağzal binası tikilmişdir. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü idi.
Gülşən RAUFQIZI