“Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovun apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
Modern.az xəbər verir ki, prosesin təxirə salınması vəkil Adəm Məmmədovun prosesə qatılmaması olub.
Məlumata görə, A.Məmmədov məhkəmənin təxirə salınmasını özü xahiş edib.
Rasim Əliyev 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib. Daha sonra orada vəfat edib. Fakta görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə,
Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum olunub.
Gülşən RAUFQIZI