Bakı Ali Neft Məktəbində (BANM) bu tədris ilində yüksək nəticə göstərərək Ali Məktəbə qəbul olan və Prezident təqaüdünə layiq görülən 17 tələbə ilə görüş keçirildi.
BANM-in rektoru Elmar Qasımov tədbiri açaraq tələbələri təbrik etdi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2016/2017-ci tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamı”nda onların adının olmasının çox əlamətdar və qürürverici olduğunu dedi. Elmar Qasımov Azərbaycan gəncləri olaraq BANM-in Prezident təqaüdçüsü adını qazanan tələbələrinə nailiyyətlərinin davamlı olmasını arzuladı.
Rektor bildirdi ki, rəhbəri olduğu Ali məktəb hər bir tələbəsinə həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında yeni uğurlar əldə etməyə hər zaman dəstək olur. Elmar Qasımov Azərbaycanın intellectual gəncliyinin məhz BANM-də təhsil almağa üstünlük verməsinin çox qürurverici və Ali Məktəb üçün mühüm hadisə olduğunu vurğuladı. Rektor, həmçinin, tələbələrə müvəffəqiyyət, daim bilik, bacarıq və fəallıqları ilə seçilmələrini tövsiyə etdi.
Xatırladaqki, 2016/2017-ci tədrisilində Azərbaycan universitetlərinin reytinq birincisi olan Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olan tələbələrin içərisindən 685-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Ümumilikdə, builki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si yenə də BANM-in tələbələridir.
2016/2017-ci tədris ilin də ali məktəblərə keçirilən qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi orta bal 667, maksimum nəticə 700 bal olub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan hər iki tələbə Bakı Ali Neft Məktəbini seçib.
Modern.az