Bakı Dövlət Universitetində "ULUS" Fondunun jurnalistika Fakültəsi ilə birgə təşkil etdiyi Regional konfransın ikinci hissəsi başlayıb.
Modern.az xəbər verir ki, layihənin rəhbəri "Ulus" fondunun həmtəsisçisi Əlisafa Mehdiyev bildirib ki, xarici ölkələrdə olan erməni lobbisi və diaspor təşkilatlarını Azərbaycana qarşı informasiya müharibəsində böyük şəbəkəyə malikdilər.
"Həmin şəbəkənin təsir dairəsi xeyli genişdir. Bu kimi hallarla mübarizə üçün Azərbaycanın geniş şəbəkəyə malik informasiya məkanı olmalıdır. Mövcud məkanda isə əsas təbliğat arealı həm MDB məkanına daxil olan ölkələrin, həm də Türkiyənin və İranın mediasıdır. Layihə məhz bu media quruluşlarında çalışan jurnalistlərin, aparıcı fikir adamlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılmasını nəzərdə tutur. Bu baxımdan Azərbaycanın obyektiv mövqeyinin təbliği, ölkəmizin haqq səsini müdafiə edən informasiya şəbəkəsinin yaradılmasını rəhbər tuturlar".
Mətbuat Şurası İdarə Heyətini üzvü, jurnalist Azər Həsrət bildirib ki, Türkiyədə Gəzi parkı hadisələri zamanı Almaniyanın Frankfurk şəhərində də etiraz aksiyaları baş verirdi.
"Frankfurtdakı aksiya dünya mediasında çox adi şəkildə işıqlandırıldı. Halbuki Frankfurtdakı hadisələrdə polis zorakılığı, deputatların həbs edilməsi müşahidə edildi. Ancaq bu hadisələr demək olar ki, işıqlandırılmadı , Türkiyədəki Gəzi hadisələri gündəmə gətirildi. Bu problem tək Türkiyənin deyil, Azərbaycanın və digər MDB dövlətlərin ortaq problemidir. Bu problemin həlli üçün yeni nəsil jurnalist yetişdirməliyik. Bu jurnalislər ölkəmizi sərhədimizdən kənarda layiqincə təmsil etməlidir".
İstanbul Universitetinin professoru İrfan Çiftçinin sözlərinə görə, Azərbaycan 5 il bundan əvvələ qədər problemləri olan bir ölkə kimi tanınırdı.
"Lakin Azərbaycan son illərdə pozitiv imic yaradıb. Son illərdə Azərbaycan bir çox beynəlxalq tədbirlərə himayədarlıq edir. Ancaq Azərbaycanda və Türkiyədə ortaq problemlər var. Türkiyədə Azərbaycanı və Azərbaycanda isə Türkiyəni mükəmməl şəkildə bilən çox az sayda mütəxəssis var. Biz bu problemin həlli üçün çalışmalıyıq. Universitetlərimizdə bununla bağlı xüsusi bölümlər yaratmalıyıq. Hər sahədə bir-birimizi yaxından tanımalıyıq".
Qafar Ağayev