Modern.az

“Qəbələ” Cavid Hüseynovu öz sıralarına qaytaracaq? - AÇIQLAMA

“Qəbələ” Cavid Hüseynovu öz sıralarına qaytaracaq? - AÇIQLAMA

Aktual

12 Oktyabr 2016, 18:01

“Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynovun azadlığa çıxması ilə bütün diqqət onun yenidən yaşıl meydanlara qayıtmasına yönəlib. Modern.az məsələnin aktuallığını nəzərə alaraq “Qəbələ” futbol klubu ilə əlaqə saxlayıb. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Modern.az-a açıqlamasında futbolçunun azadlığıa çıxmasına şad olduqlarını deyib:

“Hazırda bizim klub olaraq bütün diqqətimiz “İnter”lə oyuna yönəlib. Cavidin yenidən kluba qayıdıb-qayıtmayacağı barədə məlumatım yoxdur.
Onun kluba qaytarılması səlahiyyət sahiblərinin ixtiyarında olan məsələdir. Bu mənim səlahiyyətim çərçivəsində deyil”.

A.Hacıyev bildirib ki, futbolçunun yenidən kluba qaytarılması ilə bağlı müzakirə aparılmayıb:

“Əvvəldən də onun azadlığa çıxacağı təqdirdə kluba qaytarılması barədə müzakirələr aparılmayıb. Mənim bu barədə bilgim yoxdur”.

Qeyd edək ki, jurnalist Rasim Əliyevin öldürülməsində təqsirləndirilərək 4 il həbs cəzası alan sabiq kapitan Cavid Hüseynov bu gün azadlığa çıxıb. Xatırladaq ki, C.Hüseynov hadisələrdən sonra klubdan uzaqlaşdırılmışdı.

Bununla bağlı klub bəyanat yaymışdı. Bəyanatda deyilirdi:

“Jurnalist Rasim Əliyevin vəfat etməsi xəbərini “Qəbələ” İdman Klubunun hər bir üzvü böyük üzüntü ilə qarşılamışdır. Heç kimin kiməsə qarşı zor tətbiq etməyə, kimisə hədələməyə ixtiyarı yoxdur və klubumuz həmişə bu prinsipləri ön planda saxlamışdır. Daim zorakılıq və aqressiyanı pisləyən sosial proyektlərlə cəmiyyətimizdə sülh və barışın, maariflənmənin vacibliyi bildirilmiş, bu istiqamətdə irəliləyişə nail olmaq əsas məqsəd olmuşdur. Klubumuzun uğursuz çıxış etdiyi vaxtlarda belə, mətbuatın tənqidlərinə qarşı dözümlülük göstərilmiş, heç vaxt sərt reaksiya verilməmişdir. Amma dünən baş verən hadisədə futbolçumuz Cavid Hüseynovun adının hallanması bizi çox təəssüfləndirmişdir. Mərhum son müsahibələrində və “facebook” sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil. Ona görə də, tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb”.


Gülşən RAUFQIZI

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı