Azərbaycanda əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin İslam dininə aid ayin və mərasimləri aparılmalarına qadağan qoyulması təklif edilir.
Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında Cinayət Məcəlləsinin 168-1.1-ci maddəsinə əlavələr edilməsi təklifi müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsinə əsasən, xaricdə dini təhsil alanlarla yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda İslam dininə aid ayinlərin və mərasimlərin həyata keçirmələri qadağan olunur. Buna görə 2 min manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunması nəzərdə tutulur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub
Bundan başqa iclasda dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqana yol hərəkətini müvəqqəti məhdudlaşdırmaq və ya qadağan etmək səlahiyyətinin verilməsi məsələsinə də baxılıb.
Deputatlar “Yol hərəkəti haqqında” qanunun 12-ci maddəsinə əlavələr edilməsi təklifini müzakirəyə çıxarıblar.
Bu qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.
Dəyişiklik layihəsinə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılırsa, orada əməliyyatı aparanlara yol hərəkətini müvəqqəti məhdudlaşdırılmaq və ya qadağan etmək səlahiyyəti verilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Ağa AKİFOĞLU