Modern.az

İcra başçısının müavini həkimlərin pambığa aparıldığını təkzib etdi: "Yalandır!"

İcra başçısının müavini həkimlərin pambığa aparıldığını təkzib etdi: "Yalandır!"

Aktual

14 Oktyabr 2016, 12:38

Göyçayda Mərkəzi Xəstəxananın tibbi personalının pambıq yığımına cəlb olunması cəmiyyətdə, xüsusilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva  faktı təsdiqləyərək bildirib ki, rayon rəhbərliyinin göstərişinə əsasən səhiyyə işçiləri pambıq yığımına kömək ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova da Modern.az-a faktı təsdiq edərək xəstəxananın  texniki işçilərinin pambıq yığımına cəlb edildiyini bildirib.

Buna baxmayaraq Göyçay Rayon İcra Hakimiyyətindən pambıq yığımına tibbi işçilərinin cəlb olunmasını təkzib ediblər.

Göyçay rayon icra başçısının  müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəxşəndə Rəcəbova Modern.az-a məlumatların yalan olduğunu bildirib:

“Rayon xəstəxanasının işçiləri əhaliyə tibbi xidmət göstərməklə məşğuldurlar. Pambığı yığımaq üçün kəndlərdə minlərlə qadın var. Rayonda elə pambıq da yoxdur. Cəmi 100 hektar sahəlik pambığımız var”.

 

İcra nümayəndəsi deyib ki, hava şəraitinin pisləşməsi şəraitində pambıq yığımı üçün kifayət qədər qüvvə var:

“Əgər yağış yağsa, onu yığmağa kəndin qüvvəsi var. O məlumatlar həmişə olur. Təəssüf ki, bunlar kimlərsə tərəfindən məqsədli şəkildə yayılmış məlumatlardır”

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı