Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqlarının rektorları, Qeyri Hökumət təşkilatlarının rəhbərləri, şirkət rəhbərliyinin nümayəndələri iştirak etmişlər. Əvvəlcə SOCAR-da gənclərlə bağlı həyata keçirilən layihələrə həsr olunmuş qısa metrajlı film nümayiş etdirilmişdir.
Mərasimdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev qarşıdan gələn 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışmış, bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında gənc nəslin beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində Şirkətdə həyata keçirilən layihələrdən söz açmış, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramlarının əhəmiyyətini xüsusi vurğulamışdır. SOCAR prezidenti “Daxili Təqaüd” proqramı çərçivəsində indiyədək 19 seçim müsabiqəsinin keçirildiyini, ümumilikdə 1918 tələbənin SOCAR təqaüdünə layiq görüldüyünü söyləmişdir.
R.Abdullayev 2010-cu ildən etibarən yerli və xarici universitetlərin azərbaycanlı tələbələri üçün keçirilən “SOCAR Yay Məktəbi” layihəsinin də gənclər arasında populyar olduğunu söyləmiş, gənclərin əhatə dairəsinin genişlənməsində, dünyagörüşlərinin artırılmasında, onların neft sənayesi haqda dolğun informasiya əldə etməsində bu layihənin əhəmiyyətini yüksək qiymətləndirmişdir. SOCAR-da ehtiyac duyulan ixtisaslar üzrə istedadlı və perspektivli gənclərin Şirkətin vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlərin də uğurla davam etdirildiyini vurğulayan SOCAR prezidenti bildirmişdir ki, indiyədək bu proqram üzrə 275 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsili maliyyələşdirilmişdir. 209 təqaüdçü təhsilini müvəffəqiyyətlə bitirib Vətənə qayıtmış və SOCAR-da uğurla fəaliyyət göstərirlər. Hazırda 32 təqaüdçü təhsilini davam etdirir.
R.Abdullayev qeyd etmişdir ki, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi neft sənayesi və digər sənaye sahələri üçün yüksək ixtisaslı fəhlə kadrların hazırlanması, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm işlər görür. İndiyədək İdarənin tərkibində fəaliyyət göstərən təlim mərkəzlərinin 841 məzunu öz peşələri üzrə SOCAR-ın müəssisə və təşkilatlarında işlə təmin olunmuşdur. Rövnəq Abdullayev Şirkətin Müsabiqə Komissiyasının qərarına əsasən, SOCAR-ın təqaüdünə layiq görülmüş 77 tələbəni, eləcə də “Yay məktəbi-2016” layihəsinin 30 iştirakçısını təbrik etmiş, onlara təhsildə və gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulamışdır.
Mərasimdə İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli slaydlar vasitəsi ilə SOCAR-ın həyata keçirdiyi kadr hazırlığı siyasətindən ətraflı bəhs etmiş, bu sahədə qazanılan uğurlardan danışmışdır.
Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov, AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Qafqaz Universitetinin rektoru professor Havar Məmmədov, Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova təqaüdçü gənclər və digər qonaqlar ölkəmizdə uğurla həyata keçirilən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlərdən, neft kapitalının insan kapitalına transformasiyası prosesindən danışmış, müasir tələblərə cavab verən, geniş bilik və dünyagörüşünə malik kadrların hazırlığı, gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması istiqamətində SOCAR-ın həyata keçirdiyi layihələri yüksək qiymətləndirmişlər.
Modern.az