2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 mlrd. 268,7 mln. manat vəsait yönəldilib. Modern.az saytı xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bunun 8 mlrd. 236,9 mln. manatı və ya 80,2%-i məhsul istehsalı obyektlərinin payına düşür. Həmçinin, bunun 1 mlrd. 591,5 mln. manatı (15,5%-i) xidmət sahələri üzrə obyektlərin, 440,3 mln. manatı (4,3%-i) isə ümumi sahəsi 1 mlrd. 205,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Ümumi sərmayənin 29,6%-i dövlət, 70,4%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,2%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 39,1%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 7 mlrd. 366,2 mln. manat, bank kreditləri 1 mlrd. 0,4 mln. manat, büdcə vəsaitləri 1 mlrd. 378,9 mln. manat, büdcədənkənar fondların vəsaitləri 112,6 mln. manat, əhalinin şəxsi vəsaitləri 385,8 mln. manat, sair vəsaitlər 24,8 mln. manat təşkil edib.
2016-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 67,1%-i sənayeyə, 15,7%-i tikinti, 9,4%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinə, hər birində 1,7% olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, 0,9%-i təhsilə, hər birində 0,8% olmaqla informasiya və rabitəyə, inzibati və yardımçı xidmətlərin göstərilməsinə, səhiyyə, 0,5%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə, 0,3%-i ticarət, hər birində 0,1% olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, peşə, elmi və texniki fəaliyyət və digər sahələrdə xidmətlərin göstərilməsinə sərf edilib.
2016-cı ilin yanvar-sentyabr aylarında neft sektoruna 6 mlrd. 514,9 mln. manatlıq vəsait yönəldilib. Qeyri-neft sektorunun inkişafına sərf edilmiş 3 mlrd. 753,8 mln. manatlıq vəsaitin 374,7 mln. manatı (ümumi sərmayənin 3,6%-i) qeyri-neft sənayesi sektorunda istifadə edilib.
Hesabat dövründə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 6 mlrd. 251,1 mln. manat vəsait yönəldilib.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 5 mlrd. 426,1 milyon manatı (86,8%-i) Böyük Britaniya, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.
Modern.az