Ötən həftədən başlayan tədbirlər qarşıdakı günlərdə də davam edəcək
Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının 25 illiyi münasibət ilə ölkədə artıq bir həftədir ki, tədbirlər keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimizin 25 illiyinin dövlət səviyyəsində qeyd olunması üçün sərəncam da imzalayıb. Sərəncama əsasən “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.
Bu xüsusda hakim partiya Yeni Azərbaycan Partiyası (YAP) da regionlarda və paytaxtda tədbirlər keçirir. Partiyadan verilən məlumata görə, onlar ötən həftədən tədbirlərin keçirilməsinə başlayıblar. Belə ki, 15 oktyabr tarixində YAP-ın təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş “Müstəqilliyin 25 ili: Müstəqilliyin yaşıdları” adlı konfrans keçirilib.
Partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, 25-ci ildönümü ilə əlaqədar müxtəlif səpkidə tədbirlər keçiriləcək: “Tədbirlər həm bölgələrdə, həm də paytaxtda baş tutacaq. Bununla bağlı dövlət proqramı var. Biz də dövlət proqramına uyğun olaraq tədbirlərimizi keçirəcəyik”.
Müxalifət düşərgəsində də müstəqilliyimizin ildönümü ilə bağlı tədbirlər ötən həftədən keçirilməyə başlanılıb. Belə ki, 15 oktyabr tarixində bir qrup istiqlalçı deputatın iştirakı ilə Bütöv Azərbaycan Ocaqlarının (BAO) qərargahında “İstiqlal-25" adlı tədbir keçirilib. Tədbirdə istiqlalçı deputatlar çıxışlar edərək, müstəqilliyimizin necə əldə olunması və tarixi barədə fikirlər bildiriblər.
Bununla yanaşı, istiqlalçı deputatların ayrıca böyük tədbiri 17 oktyabr tarixində “Park İnn” hotelinin konfrans zalında keçirilib.
Modern.az musavat.com-a istinadla xəbər verir ki, müxalif partiyalar isə məsələ ilə bağlı aşağıdakıları bildirdilər.
Yeni yaranan Ağ Partiyanın lideri Tural Abbaslı söylədi ki, günlə bağlı xüsusi tədbir planlaşdırmayıblar:
“Partiya rəhbərliyi olaraq xalq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət edəcəyik. Ümumiyyətlə, bu bayramın qeyd olunması dövlət səviyyəsində də zəif keçirilir. Hətta bu günlə bağlı qeyri-iş günü də elan olunmayıb. İnsanların bu günü bayram kimi hiss etmələrinin qarşısını almaq üçün əllərindən gələni edirlər. Biz hazırda partiya daxilində texniki məsələlərin həlli ilə məşğuluq. Eyni zamanda bəlli olduğu kimi, seçkilər gözlənilir və biz də ona hazırlaşırıq. Bu baxımdan, bayramlara özəl hazırlaşa bilmirik”.
Ümid Partiyasının sədr müavini Tamilla Qulami isə bildirib ki, 18 oktyabrda Əbülfəz Elçibəyin məzarını ziyarət edəcəklər:
“Daha sonra isə saat 17:00-da Ümid Partiyasının qərargahında müstəqilliyimizin bərpasının 25 illiyi ilə bağlı tədbir keçirəcəyik”.
«D18» hərəkatının başqanı Ruslan İzzətli söyləyib ki, üzvləri Bakıda və rayonlarda şəhidlərimizin məzarını ziyarət edəcəklər:
“Ankarada təhsil alan «D-18»çilər ”Asri" məzarlığında dövlətimizin qurucusu M.Ə.Rəsulzadənin məzarın ziyarət edəcək. Ofisimiz hakimiyyət tərəfindən bağlandığı üçün Bakıda təəssüf ki, tədbir keçirə bilməyəcəyik".
KXCP sədrinin müavini Xəzər Teyyublu bildirib ki, partiya olaraq 18 oktyabr saat 12:00-da Əbülfəz Elçibəyin məzarını ziyarət edəcəklər:
“Orada partiya olaraq anım tədbiri keçirəcəyik”.
ADP sədri Sərdar Cəlaloğlu isə xüsusi olaraq hər hansı bir tədbir keçirməyəcəklərini bildirib: “Ötən günlərdə BAO-nun ”İstiqlal-25" adlı tədbirinə qatıldıq. Bu gün isə (dünən) istiqlalçı deputatların tədbirinə qatıldıq. Fərqi yoxdur, ya özün təşkil et, ya da başqalarının tədbirində iştirak et. Vacib deyil ki, orijinal nə isə tədbir keçirəsən".
Modern.az