Paytaxta, eləcə də, bölgələrə aramsız yağışların yağması davam edir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun əməkdaşı Məhərrəm Həsənov Modern.az –a açıqlamasında yağışın paytaxtda törətdiyi fəsadlara aydınlıq gətirib.
“Bu hava kütləsi dayanıqlı hava kütləsidir. Bir neçə gün çəkə bilər. Hal-hazırda Bakı şəhərində yollar iflic olub. Ziya Bünyadov prospekti şəhərin əsas nəqliyyat magistral sahələrindən biridir. Demək olar ki, işləmir. Bu da vaxtilə, körpülərin tikilişi zamanı yol verilən nöqsanların nəticəsidir. Yağışların çoxalmasına gəlincə, bu, təbiət hadisəsidir. Payız aylarında yağıntıların miqdarı güclənir”.
Onun sözlərinə görə, oktyabrın əvvəli üçün yağıntıların miqdarı bir qədər çox olub.
“Oktyabr ayında Bakıda bu formada yağış, təqribən, 10-12 il əvvəl müşahidə olunub. Belə davamlı olmayıb. İki gün yağıb sonra dayanıb. 4-5 davamlı yağıntı oktyabr ayında müşahidə olnmayıb. Həmçinin, bu gün və sabah da güclü yağıntılar gözlənilir”.
Coğrafiya mütəxəssisi, müəyyən problemlərin yaranacağını da bildirib.
“Elə sürüşmə zonalarımız var ki, yağışların belə yağması həmin ərazilərdə sürüşmənin daha da intensivləşməsinə və aktivləşməsinə səbəb ola bilər. Yağışların bu formada yağması əsasən nəqliyyat yollarına pis təsir edəcək. Bəzi köhnə binalarımızda da müəyyən problemlər yarana bilər”.
Namidə BİNGÖL