Modern.az

İbad Hüseynli və qardaşları - Bağlı qalan kilidləri açmaq zamanıdır!

İbad Hüseynli və qardaşları - Bağlı qalan kilidləri açmaq zamanıdır!

Aktual

18 Oktyabr 2016, 12:57

Bu gün çox sevdiyim bir insanın əmimin ad günüdür. Biz onunla təbiətcə  çox bənzəyirik. Mənim uşaqlığım onun gəncliyinə təsadüf etdiyi üçün birgə xatirələrimiz çoxdur.Xatırlayıram,1988-cı ilin son  ayları idi, İbad Hüseynli Rusiyanın Amur vilayətinə əsgərliyə yola düşməyə hazırlaşırdı.

Gözəl günlər idi və biz doğma Xocavənddə, Muğanlı kəndində babamın evində idik. Əmimlə evin bağa çıxan hissəsində hasara bir kilid bağladıq və açarını da bağın içərilərinə atdıq. Mənim o vaxtlar olardı 4 yaşım. Xülasə, əmim əsgərlikdən qayıtdı və özü də bu adi qayıtmaq deyildi… (oraları qarışdırıb gəlmişdi..)


Əmimi çağırdım dedim bu sənin bağladığın kiliddir. Yaşımın az olması və ona bu kiçicik hadisəni xatırlatmağım onu heyrətləndirmişdi. Mənim üçün isə bu hadisədə daha xüsüsi bir səbəb unudulmazdır, onu indi sizə anladacam.


Nəhayət, Qarabağda vəziyyət dəyişdi. Mənfur düşmənlərimiz illərlə yığıb saxladıqları nifrətlərini məhz elə 1989-cu illərin sonlarında açıqca hiss etdirməyə başladılar.

Yollarda avtomobillərin qabağını kəsir, insanlarımızı talan edir və öldürməkdən belə çəkinmirdilər. Bütün bu hadisələrin nəticəsi Qarabağda xüsusi bir vəziyyət yetişdirdi ki, rayonlardakı yerli əhali, Qarabağın igid kişiləri öz vətənlərini qorumaq üçün tədbirlər görməyə  başladılar. Bütün rayonlarda gənclərdən, qocalardan, hətta 12-16 yaşındakı uşaqlardan belə, təşkil olunmuş müdafiə dəstələri qurulmağa başladı ki, bu dəstələr sonralar batalyon adını verdiyimiz daha mütəşəkkil bölüklərlə təşkil olunmağa başladı. Səngərlər qazıldı.


Yuxarıda söyləmək istədiyim xüsusi şey bu idi ki, haqqında daim danışdığımız Xocavənd batalyonun da qərargahı məhz elə bizim əmimlə kilid bağladığımız ev, yəni babamın evi idi. Ora həm qərarların alındığı ştab, həm də silahların olduğu bir cəbbəxana idi. Gecələr və gündüzlər döyüşçülər ora yığışar, atamdan tapşırıqlarını alar və İlyas, İbad, Əbülfət əmilərimin başçılığı altında bu tapşırıqlar Xocavəndin və rayonumuza digər bölgələrdən döyüşməyə gəlmiş igid qardaşlarımızın da olduğu müxtəlif birləşmələr fonunda həyata keçirilərdi.

Kəşfiyyat bölüyünə İbad əmim, yalnız xüsüsi döyüşçülərdən təşkil olunmuş birləşməyə Əbülfət əmim, bütün bu birləşmələrə isə daha yüksək idarə etmə bacarığı olan İlyas əmim nəzarət edirdi. Bizimkilər artilleriya dəstəsiylə düşmənə aman vermirdilər.. Füzuli əmimin isə 16 yaşı vardı və atam onu döyüşlərin ən qızğın yerlərinə təyin edirdi...

İbad əmimin kəşfiyyat bölüyü 15 nəfərdən də ibarət ola bilərdi, 1 nəfərdən də… Rəqəmlər sizi çaşdırmasın, cünki, əmim elə əməliyyat olurdu ki, ora tək də gedirdi. Batalyonun sinir nöqtəsi məhz elə İbad əmimin olduğu dəstə idi. Bu dəstəyə düşmək üçün Əbülfət əmimin xüsusi dəstəsindən keçib qiymət almaq vacib idi.

Sonradan kəşfiyyat bölüyü Ağcabədinin Ergi qəsəbəsdinə yerləşirdi. Xatırlayıram, orda xüsusi təlim yerləri qurulmuşdu. Artıq onda mən əmimin yanında qalırdım. Onun əsgərləri ilə yatıb-dururdum, məşğələlərə qatılırdım. Bu anlarda əmimlə aramızda bir komandir-əsgər münasibəti yaranmışdı. O mənə yalnız axşam bölük yatmağa gedəndə qardaşoğlu kimi yanaşırdı...


Mən bu gün həm əmimi, həm də öz komandirimi təbrik edirəm. Həyatda özümə tuta bildiyim bir mövqə və yer varsa, orda sənin böyük payın var. Sənin tərbiyənin payı çoxdur. Səni hər zaman sağlam görmək istəyirəm, fiziki və ruhən sağlam.


İnşallah Qarabağda, Xocavənddə, Muğanlıda görüşmək arzusu ilə komandir!

Ümid edirəm bağladığımız kilid oralarda bir yerdədir, hasarda tapmasaq belə, torpağa qarışmışdır..


Babək Hüseynli

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı