Azərbaycanda Böyük Verilənlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzi yaradılır. Modern.az xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin çıxışı zamanı deyib:
“Bu gün burada BP və tərəfdaşlarının adından Azərbaycanın aparıcı universitetlərindən biri ilə mühüm bir əməkdaşlığın əsasını qoymaqdan məmnunluq duyuram. Azərbaycanda ilk dəfə olaraq yaradılan Böyük Verilənlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzinə dəstək olmaqdan qürur duyuruq.
Bu mərkəzin əhəmiyyəti yalnız onun ölkədə ilk bu cür mərkəz olmasında deyil. Düşünürük ki, bu mərkəz həm də ölkədə elm və tədqiqatlar üzrə yeni inkişaf sahəsinin –böyük verilənlər sahəsinin başlandığını göstərir.
İnanırıq ki, bu mərkəz verilənlər üzrə yerli mütəxəssislərin və böyük verilənlər üzrə yerli analitiklərin yetişdirilməsi istiqamətində yeni yol açacaq. Həmçinin ən qabaqcıl proqram təminatı və aparat təminatı texnologiyalarında yeni sahələr üzrə yerli bilik və təcrübələrin inkişaf etdirilməsinə imkan yaradacaq.
Bu layihə həmçinin BP və tərəfdaşlarının Təhsil Nazirliyi və ADA Universiteti ilə olan əməkdaşlığını genişləndirməyə imkan yaradır. Biz bu yeni tərəfdaşlığı alqışlayırıq”.
ADA Universiteti haqqında danışan prezident deyib ki, bu universitet Azərbaycanda təhsilin inkişafına əhəmiyyətli töhfə verməklə ölkənin aparıcı universitetlərindən birinə çevrilib.
“Ümid edirik ki, bizim bu birgə layihəmiz universitetin imkanlarını daha da genişləndirəcək. BP və onun tərəfdaşları Azərbaycanın uzunmüddətli tərəfdaşları kimi öz sosial məsuliyyətlərinə çox ciddi yanaşırlar. Azərbaycanın neft və qaz layihələrinin korporativ iştirakçıları olaraq biz də ötən iyirmi iki il ərzində bacardığımız hər yerdə bu inkişafa dəstək vermişik.
Nəticədə, bir çox məktəblər və universitetlər və Azərbaycandakı yüzdən artıq kənd icmaları bizim təhsil sahəsindəki təşəbbüslərimizdən faydalanıb. Biz bu ölkədə digər sosial inkişaf sahələri ilə yanaşı təhsil sahəsinə dəstək olmaqdan qürur duyuruq və bu dəstəyi davam etdirəcəyik. İnanırıq ki, uşaqlara, gənclərə və təhsilə sərmayə qoymaqla biz ölkənin gələcəyinə sərmayə qoyuruq”.
Gülşən RAUFQIZI