Modern.az

Yollara çıxarılan heyvan sürüsü qəzalara səbəb olursa, məsuliyyət kimə düşür?

Yollara çıxarılan heyvan sürüsü qəzalara səbəb olursa, məsuliyyət kimə düşür?

Aktual

20 Oktyabr 2016, 10:46

Bəzi yollarda heyvan sürülərinin təyin olunmamış yerdən keçirilməsi müəyyən hadisələrə yol açır. Elə hallar olur ki, hətta yol-nəqliyyat hadisəsi belə, baş verir.

Bəs bu hadisələr zamanı kim məsuliyyət daşıyır? Sürü sahibi, yoxsa sürücü?

Modern.az saytı məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisinin (DYP) və ekspertin fikirlərini öyrənib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr  şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, qanunda konkret çobanların hansı formada hərəkətinə icazə verildiyi göstərilib.

“Bu tələblərə uyğun olaraq hər bir çoban hərəkət etməlidir. Yolu keçən zaman mütləq diqqətli olmaq lazımdır. Eyni zamanda, heyvan sürülərini aidiyyatı üzrə icazə verilən yerlərdən keçirmək lazımdır. Qanunda bu haqda məsuliyyət də nəzərdə tutulub”.

O, deyib ki, baş vermiş bütün yol –nəqliyyat hadisəsi təfərrüatı ilə araşdırılırmalıdır.

“ Əgər hadisənin baş verməsinə səbəb çobanın günahı hesabınadırsa,  çobana inzibati qaydada məsuliyyət tətbiq edilir.  Yox, əgər baş vermiş hadisə ilə əlaqədar sürücü günahkar olarsa , ona inzibati qaydada məsuliyyət tətbiq edilir”.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə bildirib ki, “Yol hərəkət qaydaları haqqında” qanunda göstərilib ki, asfalt, beton örtüklü yollarda heyvan sürülərinin aparılması qadağandır.

“Belə yollarda xüsusi mal-qara keçidləri ola bilər. Həmin keçidlər də mal-qaranı yolun bir tərəfindən digər tərəfinə keçirmək üçün nəzərdə tutulub. Əgər heyvanlar çox olarsa, onları yolun kənarına kiçik qruplar vasitəsilə keçirilməlidir. Həmçinin,  nəqliyyat vasitələrinə işarə verilməlidir. Yoxsa mal-qaranı yolun ortası ilə aparmaq qadağandır”.

 Ekspert deyib ki, heyvan sürülərinin sahibləri heyvanları təyin olunmamış yerdən keçirən zaman 40 manat cərimə oluna bilər.

O, həmçinin heyvan sürüsü qanunsuz olaraq yoldan keçirilən zaman qəza baş verərsə, sürünü aparan şəxslərin məsuliyyət daşıdığını bildirib.

“Əgər sürünün yanında adam olmazsa,  maşın heyvanı vurarsa, bu zaman  sürü sahibi mülki məsuliyyət daşıyır. Yəni dəymiş ziyanı ödəyir”.

Ekspert qeyd edib ki, yolda adamın, heyvanın olması o demək deyil ki,  sürücü onu vurmalıdır.

“Əgər sürücü bunu görüb, qəza törədirsə o, da günahkardır. Sürücüyə bu zaman qanunla müəyyən olunmuş qaydada məsuliyyət tətbiq edilir”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı