Modern.az

Mirhəsən Seyidov: “Onlar "Heydər zirvəsi"nə qalxa bilməyib qayıtdılar”

Mirhəsən Seyidov: “Onlar "Heydər zirvəsi"nə qalxa bilməyib qayıtdılar”

Aktual

10 May 2017, 17:09

Mayın 7-si və 8-də “İrəli” İctimai Birliyinin  sədri  və katibliyi Şahdağdakı “Heydər zirvəsi”nə yürüş ediblər. Onlar 3571 metr məsafəni qət edib, Azərbaycan və “İrəli” İctimai Birliyinin bayrağını zirvədə dalğalandırıblar. 

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov Modern.az-a  yürüşlə bağlı təəssüratlarından, qarşılaşdıqları çətinliklərdən danışıb. O bildirib ki, yürüşdə yalnız “İrəli” komadası deyil, digər qurumlardan olan heyətlər də iştirak edib:

“Bildiyiniz kimi hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi yürüş həyata keçirilir. Biz “İrəli” İctimai Birliyi olaraq 2015 və 2016-cı illərdə də yürüş etmişik. Bu il də katibliklə birgə dörd  komanda ilə bunu reallaşdırdıq. 3751 metrlik məsafəni qət etmək  əslində çox çətin, şərəfli idi  və eyni zamanda  fiziki güc tələb edirdi. Ümumilikdə yürüşdə  40-a yaxın gənc var idi, yəni komadamızın 90 faizini gənclər təşkil edirdi. Gənclərin dağçılıqla, hava və ekstrim idman növləri ilə məşğul olması sevindirici haldır. Bu yürüş insanlara, ələxsus, gənclərə motivasiya verdi.  Həm sağlam həyat tərzini,  həm də dağçılıq kimi yeni idman növünün təbliğində rol oynadıq”.

“Komanda ruhu, əzmkarlıq...”

 “Uzun məsafəni fəth etmək çətindir. Bunun üçün ilk növbədə yaxşı komanda olmağı bacarmaq lazımdır. Həmçinin əzmkarlıq  önəmli xüsusiyyətlərdən biridir.  Soyuğa tab gətirməyin, çadır şəraitində yaşamağın öhdəsindən gəlməlisən. Əlindəkiləri dostlarınla, ətrafınla bölüşməlisən. Düşünürəm ki, gənclər belə yürüşlərə ənənəvi olaraq qoşulmalıdır. Ən azı hava və ekstrim növü olan dağçılıqla məşğul olmalıdırlar.

Bu il yürüşümüz ulu öndər Heydər Əliyevin doğum gününə-94-cü ildönümünə təsadüf edib.  Onun adına olan zirvəni fəth etmək gənclər üçün  böyük  şərəfdir. Həm də bu cür fəaliyyətlər gənclərdə vətənpərvərlik ruhunu,  milli-mənəvi dəyərlərə sadiqliyi gücləndirir”.

“Məqsədimiz bayraqlarımızı dalğalandırmaq idi”

“Biz zirvəyə qalxanda düşünürdük ki,  hansısa  yerdə fiziki çətinlik yarana və ya  psixoloji sarsıntı ola bilər. Çünki hava göstəriciləri əlverişli deyildi, çovğun, qar nəticəsində yerlər buz idi. Hər an sürüşmə ehtimalı  ola bilərdi.  Amma bizi motivə edən əsas məsələ  Heydər Əliyev zirvəsinə qalxmağımız oldu. Yürüş  ənənəvi olmaqla yanaşı, eyni zamanda simvolik anlam daşıyırdı. Çünki qalxdığımız zirvə Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu səbəbdən daşlı-qayalı yollara rəğmən, zirvəni fəth etdik.  Məqsədimiz “İrəli” İctimai Birliyinin və Azərbaycanın şanlı bayrağını dalğalandırmaq idi. Biz buna nail ola bildik”.

“Onlar yürüşü yarı yolda qoymaq məcburiyyətində qaldılar”

M.Seyidovun sözlərinə görə, zirvənin fəthi yolunda beş nəfər  geri qayıtmaq məcburiyyətində qalıb:

“Bizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin peşəkar bələdçiləri müşayiət edirdi.  Yol boyu elə məsafələr var idi ki, ora çatanda insanların yuxarı qalxmaq  gücü olmurdusa, həmin məsafədən bələdçi ilə geri dönürdülər. Biz o məsafəyə çatanda aramızda 5 nəfər qalxmaqda çətinlik çəkdi. Onların qan təzyiqi problemi də yarandı. Bu baxımdan  yürüşü yarı yolda qoymaq məcburiyyətində qaldılar”.

“İrəli” İctimai Birliyinin sədri həmçinin gələcək planlardan da söz açıb:

“Azərbaycanda idmana olan marağı yüksək səviyyədə qarşılayırıq.  Hər kəs yaxşı bilir ki, cənab prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin sədri olandan etibarən idman sahəsi  inkişaf edib. Buna görə də biz Bakı 2015, Bakı 2017, Formula 1 kimi idman yarışlarına ev sahibliyi edirik.  Birliyimiz bu yaxınlarda Bakı 2017-yə dəstək məqsədilə “Gənclər kuboku”  yarışı  təşkil etdi. Yarış özündə on fərqli idman növünü əhatə edirdi. Məndə olan statistik göstəriciyə əsasən, 600-ə yaxın gənc bu yarışlarda təmsil olunub.

Eyni zamanda “İrəli” İctimai Birliyi  hər il yay aylarında gənclər üçün ekoloji kamplar həyata keçirir. Bizim Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) ilə çox yaxşı münasibətlərimiz var və əməkdaşlıq edirik. Onlar hər il keçirdiyimiz kamplarda  100-150 nəfərlik gəncin hamısına dağçılıq ənənəsini öyrədirlər. Gəncləri aşılan təpələr , qalxılan məsafələr barədə məlumatlandırırıq. Düşünürəm ki, təşkil etdiyimiz layihələr vasitəsilə gənclərin qazandığı dağçılıq ənənəsi sabah belə yürüşlərdə özünü biruzə verəcək”.

 

Günay RƏSULQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı