Modern.az

İş adamı şəhid ailələrinə və yaralı gizirlərə mənzil bağışladı

İş adamı şəhid ailələrinə və yaralı gizirlərə mənzil bağışladı

Aktual

12 May 2017, 16:46

Tanınmış iş adamı, Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın rəhbəri,  “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Fizuli Məmmədov Azərbaycandadır.

Tanınmış iş adamı mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə öz şəxsi vəsaiti hesabına torpaqlarımızın bütövlüyü uğrunda öz sağlamlıqlarını itirən xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin bu il fevralın 24-dən 25-nə keçən gecə düşmənin bütün cəbhə boyu törətdiyi təxribatları dəf edərkən şəhid olan mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailələrinə ev bağışlayıb.


Tam təmirli evlərin hər biri 3 otaqlıdır. Məlumata görə, ilin sonuna qədər 6 ailə, ümumlikdə isə 10 ailə evlə təmin olunacaq.

Bundan başqa, o, xüsusi təyinatlı gizirlər Natiq Mehdiyev və Ülfət Həsənovun müalicə xərclərini də öz üzərinə götürüb.

 

Aqşin Abdullayevin anası Dusrun Cavadova Modern.az-a faktı təsdiqləyib. O, iş adamına təşəkkürünü bildirib:

“Sağ olsun, Fizuli bəy. Ev Xətai rayonu, Əliağa Şıxlinski küçəsində yerləşir, 3 otaqlı, tam təmirlidir. İçərisində soyuducu, televizor və s. avadanlıqları olan evin açarlarını verdi. Tədbir mayın 10-da Müdafiə Nazirliyinin baş idarəsində keçirildi”.

Qeyd edək ki, iş adamı aprelin 24-də Azərbaycana gəlsə də, işləri ilə bağlı geri qayıtmış və mayın 9-da təkrar vətənə gəlmişdi.


Bundan əvvəl F.Məmmədov Modern.az-a özəl açıqlamasında Prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsinə - Cocuq Mərcanlı kəndinin bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib. İş adamının bu təşəbbüsü Azərbaycan cəmiyyətində müsbət qarşılanaraq yüksək qiymətləndirilib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı